Qırxbuğumlu düzündə cərgə ilə qurulmuş çadırların birində Arazla Afaq nənələri ilə qalırdı. Arası kəsilmədən qırx il müəllimlik eləyən Fəxrəndə qarının on iki nəticəsi vardı. Onun yaşı yet- mişi haqlasa da, özünü gümrah hiss eləyirdi. Hər il iyun ayının əvvəllərindən avqustun axırlarına qədər Salvartı yaylağının soyuq bulaqlarından içər, bütün günü yediyi süd, qatıq, göy-göyərti olardı.
Nəticələrinin biri üçüncü, o birisi dördüncü sinifdə oxuyur. Bakıdan təzə gəlmişlər. Mal-qara, qoyun-keçi, at-dəvə haqqında heç bir məlumatları yoxdur.
Qocaman müəllim hər səhər qonaqlarına ya üstü şəkərli qaymaq, ya şirin süd verir, ya da ki, təzə yağla balı qatışdırıb xamralı çörəyin üstünə yaxır, nəticələrinə yedirirdi. Nahara mütləq ya xörək bişirir, yaxud qırxbuğum, quzuqulağı, gicitkən kətəsi hazırlayırdı.
Elə ki nəticələrini yedirib toxtayır, nənə çadırın qabağına palaz salıb üstünə döşək qoyur, uşaqları da böyründə oturdub, onlara kolxozun naxırı, sürüləri, ilxısı, dəvəsi barədə danışırdı.
Fəxrəndə müəllimin məqsədi bu idi ki, nəticələrinə heyvanlar barədə məlumat versin. Bir həftədən artıq yaylaqda olmalarına baxmayaraq, uşaqlar dana ilə buzovu ayırd edə bilmir, qulanla ürkəni qarışıq salır, nərlə arvanı tanımırdılar.
Göyün üzü ayna kimi dumduru idi. Gecə ayaz olduğundan indi elə qəşəng gün idi ki, Arazla Afaqa ləzzət verirdi. Fəxrəndə nənənin heyvanlar barədə söhbəti isə daha ləzzətli oldu.
Bax, daşın böyründə durub ağzını tərpədən heyvan inəkdir. Yediyini sınırmaq üçün kövşək çalır. Onun balası bir yaşına qədər buzov adlanır. İki illiyində dana olur. Üç yaşına adlayanda dişisinə düyə, erkəyinə cöngə deyirlər. Dörd yaşından sonra düyələr inək, cöngələr öküz olur. Heyvanların adı yaşı ilə əlaqədardır.
Qara rəngli, yekəqarın, iribuynuz heyvana camış deyirlər. İnəkdən çox süd verir. Südü yağlıdır. Camışın qatığı ilə qaymağı, inəyin südü ilə yağı dərmandır. Camışın balası bir yaşına qədər balaq, iki illiyində kəlçə olur. Böyüyəndən sonra dişisi camış, erkəyi kəl adlanır.
Qoyunun balası quzu, toğlu, şişək, erkək, azman adı ilə adlanır, atalarına qoç, analarına qoyun deyirlər.
Afaq sual elədi:
— Fəxri nənə, qoyunun südü yaxşıdır, inəyin?
— İnəyin südü, qoyunun pendiri ələ düşməz.