Müəllimlər ikisi də bu tərəfə keçdi. Təbiətşünaslıq müəllimi Rövşənin göstərdiyi çubuğa diqqətlə nəzər saldı, onun cücərdiyini görüb dikəldi. Rövşənin alnından öpdü:
— Sağ ol, oğlum, qoçaqsan! — dedi və təəccüblə onları süzən riyaziyyat müəlliminə döndü. — Görünməmiş şeydir, meynə rişəsiz sadəcə çubuq vasitəsilə artırıla bilər, alça isə yox, qışda Rövşənlə bu barədə mübahisəmiz oldu. O bu alça çubuğunu cücərtməklə bitkilər dünyasında yeni təcrübələrə hüdud olmadığını sübut etmişdir. Sağ ol, oğlum! Bundan sonra bağban olacaqsan. Bağban Rövşən!
Riyaziyyat müəllimi də sevinclə Rövşənə baxıb gülümsəyirdi.
Mirzə İbrahimov
Mirzə İbrahimov
“Ağlım kəsəndən daim dərin bir uçurumun kənarı ilə yeriyib, addımlamışam. Təsadüf nəticəsində dibi görünməyən uçuruma yuvarlanmayaraq sağ qalmışam...
Atam, anam gün çıxmamışdan tarlaya gedər, əkin-biçinlə məşğul olub qaranlıq düşəndə evə dönərdilər. Biz də gücümüz çatandan onlara kömək edərdik. O zaman xalqın gün-güzəranı günbəgün pisləşirdi. Aclıq ailələri girdabına alırdı. Aclıqdan ailə üzvlərimiz dünyasını dəyişirdi.
Dərd-ələm içində yaşayan atam Quzey Azərbaycanına üz tutdu. Atam, qardaşım və mən pay-piyada Bakıya gəlib çatdıq. Burada da həyat üzümüzə gülmədi. İş axtaran atam yorğan-döşəyə düşüb vəfat etdi. Aradan bir müddət keçəndən sonra qardaşımı itirdim. Zabratda bir ailənin qoyun-quzusunu otardım...
Çətinliklə də olsa, özüm-özümü dolandırdım. Sonradan mədəndə işə düzəldim. Təhsil almağa başladım. Yaşadığım həyat tərzi məni bir tərəfdən əzsə də, digər tərəfdən ədəbiyyata meylimi artırmışdı. Gecə-gündüz vaxt tapdıqca mütaliə edirdim. Ədəbiyyata əvvəlcə şeirlə gəldim. Sonra ilk hekayəm çap olundu”.