Bağçadakı alça, armud, alma, ərik ağacları çoxdan güldən düşmüşdü. Onların qalın yarpaqlarının arasından iriləşməkdə olan göy meyvələr seçilməyə başlayırdı. Nar ağacları isə hələ gül də açmamışdılar. Rövşən onlara baxıb düşünürdü: “Təbiət nə qədər gözəldir! Necə də hər şey öz vaxtında əmələ gəlib yetişir. Alça qurtarmamış tut çıxır, sonra da bir-birinin ardınca gilas, gilənar, qaysı, armud, üzüm və alma dəyib şirinləşir. Təbiət çox gözəldir, bizim torpaq çox mehriban, səxavətli və sevimlidir!..”
Rövşən ağacların görkəmindən, ətrindən, yarpaqların pıçıltısından doymurdu. Bütün bunlar sanki dilə gəlib onunla danışır, ona həyatın gözəllikləri və hikmətləri haqqında pıçıldayırdılar. Rövşən hiss edirdi ki, bu canlı, lakin dilsiz aləm başqa aləmdir. Şeirlə, musiqi ilə, sirlərlə dolu aləmdir...
Hər gün onu bura çəkən də bu qəribə aləmin sirlərindən birini açmaq həvəsi idi. Ağaclarla danışa-danışa, onların ətirli nəfəsi ilə nəfəs ala-ala irəliləyərək gəlib lap əldən-ayaqdan kənar bir guşədə dayandı. Burada nar ağacları o qədər sıxlaşıb bir-birinə suvaşmışdı ki, əyilib ikiqat olmadan o tərəfə keçmək mümkün deyildi. Rövşən belə də elədi, narların arasındakı açıqlığa keçdi və yamyaşıl otların altında həzin şırıltısı kəsilməyən arxın qırağında durdu. Ora basdırılmış hündürlüyü bir metrə qədər olan nazik, balaca çubuğu diqqətlə gözdən keçirməyə başladı. Çubuqda tumurcuqlar əmələ gəlmişdi, hətta aşağı gözlərdə yarpaq açılmağa başladığını görəndə sevincindən öz-özünə: “Yaşa, var ol!” — dedi. Elə bu zaman narların dalından başqa bir səs eşitdi:
— Nə olub, Rövşən, kiminlə danışırsan?!
Rövşən riyaziyyat müəllimini səsindən tanıdı və qaşqabağını salladı. Bu qədər əziz tutduğu bir sirri ona inanmayan bir adama açmaq istəmirdi.
— Niyə danışmırsan, səninləyəm?! — deyib müəllim narları araladı və bu tərəfə keçməyə çalışdı.
— Ay Həbib müəllim, tələsmə, gözlə, bir yerdə keçək! — deyə başqa bir səs riyaziyyat müəllimini dayanmağa məcbur etdi. Bu təbiyyat müəllimi Sahib idi. Rövşən sevindi:
— Müəllim, gəlin, bir görün, mən deyəndir, alça çubuğunu da cücərtmək olar! — deyib qışqırdı.