Rövşənin bu hərəkəti məktəbdə müxtəlif danışıqlara səbəb olmuşdu. Hətta bunu pis yerə yozanlar da vardı. “Yəqin, təzə-tər xiyarlara gözü düşüb”. “Yox, alçaya meyil salıb”, — deyərək bəzi yoldaşları onu ələ salırdılar. Müəllimlər və başqa şagirdlər Rövşən barədə bu cür danışıqları eşidəndə rədd edirdilər, çünki onun təmiz və tərbiyəli uşaq olduğuna şübhələri yox idi.
Yalnız riyaziyyat müəllimi Rövşəndən nigaran idi, onun hərəkətlərinə şübhə ilə baxırdı. Buna da səbəb lap birinci görüşdə, birinci riyaziyyat dərsində Rövşənin şuluq salması olmuşdu: bir cərgə dalda oturan Xanış kağızı yumurlayaraq çirtməklə Rövşənin boynunun ardına atmışdı, Rövşən də onun burnunun ucunu nişan alaraq həmin girdə kağızı güllə kimi ona qaytarmışdı. Müəllim Rövşənin hərəkətini görüb ona acıqlanmışdı. Ondan sonra yenə bir neçə belə hadisə olmuş və Rövşən barədə riyaziyyat müəlliminin öz xüsusi rəyi yaranmışdı. Bu gün isə riyaziyyat dərsində lap biabırçılıq oldu. Müəllim Xanışı lövhəyə çağırmışdı, məsələ vermişdi. Riyaziyyatı yaxşı bilən Xanış çaşıb qalmışdı, həll edə bilmirdi. Uşaqlar him-cimlə onu başa salmaq istəyən yerdə daha da çaşdırmışdılar. Bu zaman kim isə qapını tıqqıldatdı. Müəllim “Gəl!” demək yerinə, özü qapıya yollandı. Bundan istifadə edib Rövşən məsələnin həllini kağıza yazdı və lövhənin qabağına qaçdı. Elə kağızı Xanışın ovcuna qoyan yerdə müəllim döndü və Rövşəni görüb bərk acıqlandı. Ancaq müəllim nə dedisə, Rövşən ağzını açıb bir kəlmə danışmadı. Nəhayət:
— Divardan səs çıxar, səndən yox, — deyib müəllim ondan ümidini üzmüş kimi Xanışa döndü.
Ancaq əslində, müəllimin bütün fikri Rövşəndə idi. “Axı niyə bu uşaq belə edir?” — deyib düşünürdü. Bu fikirlər nəticəsində müəllim Rövşənin sinifdəki hərəkətləri ilə fasilə zamanı bağçada itməsi arasında bir əlaqə olduğu qərarına gəlmiş və onu izləməyi nəzərdə tutmuşdu.
Bütün bunlardan xəbərsiz olan Rövşən qələmlərin altından keçib bağçanın sıx yerinə girdi. Hərdən qalın budaqların arasından fəzanın bir parçası, ya da uzaq kəndlər: taxıl, pambıq zəmiləri görünürdü. İlin bu fəslində, yəni may ayının ortasında bütün Şirvan düzü yaşıllıq içərisində itir.