Sevinc Nuruqızı
Sevinc Nuruqızının ilk şeirlərini oxuyan gözəl uşaq şairi, Azərbaycan uşaqlarının sevimlisi Xanımana Əlibəyli ondan bir xahiş edib: “Sevinc, xahişim budur, uşaq ədəbiyyatını heç nəyə dəyişmə. Ona sadiq ol”.
Sevinc Nuruqızı da bu günə qədər verdiyi sözə sadiqdir.
Sevinc Nuruqızı uşaqlar üçün 30-dan çox kitabın müəllifidir. Müəllif kiçikyaşlı uşaqlara mövcud həyatın sirlərini öyrədir. Bu qələm sahibinin uşaqlar üçün yazdığı çoxsaylı əsərlərini tədqiq etdikcə sanki başqa bir aləmə düşürsən, onun aydın üslubu və yazı manerasını duya bilirsən.
Zəng çalınıb fasilə olan kimi uşaqlar məktəbin həyətinə tökülüşdülər. Artıq özünü hiss etdirən cənub günəşinin yandırıcı şüaları yalnız günün ikinci yarısında bura düşürdü. Odur ki uşaqlar fasilələri də siniflərdə və ya uzunsov dar dəhlizdə keçirirdilər.
Məktəbin həyəti balaca idi. Ortasında çox kiçik bir idman meydançası vardı. Meydançanın axırındakı tikan çəpər həyəti üç tərəfdən yaşıl qələmlərlə hasarlanmış bağçadan ayırırdı. Bu bağça və onun yanındakı iki hektarlıq yer məktəbin təcrübə sahəsi idi.
Fasilədə uşaqlar hamısı idman meydançasına səpələnib oynadığı halda, on üç yaşlı bəstəboy, qarabuğdayı, iri, alagözlü Rövşən hiss olunmadan bağçaya keçdi və ağacların arasında gözdən itdi.
Yaz girəndən hər gün fasilələrdə Rövşən beləcə yox olur və zəng olanda özünü təngnəfəs sinfə salırdı. Hətta məktəbdə heç kəs olmayanda da axşamlar onu bağçaya girib-çıxan görürdülər. Heç kəs bilmirdi ki, Rövşən bağçaya niyə xəlvətcə gedib-gəlir, orada nə edir. Bu barədə yoldaşları sual verəndə qaşqabağını sallayırdı.
— Elə belə gedirəm, bağçada gəzmək xoşuma gəlir! — deyib başdan eləyirdi.