Fətəli şah bayatını dinlədi. Sonra Ağabəyim ağanın yanağından süzülən damcılar göründü gözünə. Üzünü çevirməyə çalışdı. Alınmadı. O, bir an nə edəcəyini bilmədi. Dinlədi onun dediklərini. Şuşa dağlarının mərd qızını dinləməməyə vicdanı yol vermədi. Həssas və ağıllı Ağabəyim ağa şahın bu vəziyyətini duyaraq ona bir əhvalatı xatırlatdı:
— Şahım, Şərqin hökmdarı, İsgəndər can üstəydi. Sonuncu yürüş etdiyi günəşin yandırıcı istisindən boğulan toz basmış şəhərin boz, acınacaqlı, sapsarı saralmış divarlarla dolu qoynunda ölmək dünya gözəlliklərini qılınca təslim edən bir sərkərdə üçün ağlasığmaz idi. O bu boz, rəngsiz, həyatın bütün şux rənglərinə həsrət məkanda boğulmamaq, son nəfəsini yaşıllıqlar qoynunda alıb, illərlə qarış-qarış dolandığı dünyaya “əlvida” demək üçün əmr etdi: “Məni “Asma bağlar”a çatdırın!” İllərlə salınmış asma bağlara. Babil şahının sevgilisi Midiya şahzadəsi üçün saldığı “Asma bağlar”a. O bu bağları dünyaya meydan oxuyan İsgəndər üçün saldırmamışdı. O, yurdun bütün riyaziyyatçı və memarlarını yığıb sevdiyi qadın üçün nağıllardakı yaşıl səltənətin salınması əmrini vermişdi. Babil sənətkarlarının saldığı dördmərtəbəli “Asma bağlar” Fərat suları ilə suvarılmışdı. Navuxodonosor eşqini belə sübut etmişdi. Bizim eradan əvvəl... 331-ci ildə. Amma mən düşünməzdim ki, çox qüdrətli Fətəli şah bütün bunları sevgi oyununda qalib çıxmaq üçün təkrar edəcək. Heç inanmazdım. Şuşanı bura gətirmək nə qədər müşküldürsə, Vətən həsrəti ilə yanan birini Vətənə qaytarmaq o qədər asandır.
Ağabəyim ağa Babil şahı Navuxodonosorun saldırdığı “Asma bağlar”dan danışırdı. Fətəli şah susurdu. Şuşa bulaqlarının buz kimi suyundan içmiş, Şuşa xanı İbrahim xanın kişi kimi cəsarətli qızının qarşısında yeganə çıxış yolu elə susub dayanmaq idi. Hər kəsi diz çökdürməyə qadir əzəmətli şah zərif bir qadının qarşısında acizliklə susub dayanmışdı.
İllər keçdi. Ağabəyim ağa Şuşaya həsrət qaldı, ömrünü Fətəli şahın Qum şəhərində onun üçün ucaltdığı sarayda başa vurdu. Və Vətən həsrətini yanan qəlbində o dünyaya apardı...
Sevinc Nuruqızı