— Bax belə, şahım. Qara buludlar günəşin üzünə kölgə çəkdiyi kimi, Şuşa həsrəti də bütün ruhuma kölgə salıb.
Fətəli şaha sanki ipucu verildi. Donmuş sifəti avazıdı. Qəzəblə yuxarı doğru dartılmış qaşları endi. Gülümsündü:
— Şuşa həsrəti... Elə isə bu həsrətə bu gün son qoyaq. Elə bu dəqiqə.
Ağabəyim ağa sevinclə irəli atıldı:
— Dönürəmmi? Şuşaya... Həsrətini çəkdiyim Şuşama dönürəm? Elə demək istədiniz? Düz başa düşdümmü sizi?
Fətəli şah bu sevincdən bir qədər narahat oldu. Təlaş içində nəzərlərini Ağabəyim ağanın sual dolu gözlərindən çəkdi. Lakin sevdiyi bu ağıllı qadının inadını qıra biləcək hesab etdiyi tədbirə içində böyük inamı var idi.
— Tələsməyin, indi görəcəksiniz. Mən sizə qürbətdə “Vətən” hədiyyə edəcəm. Sevginizi qazanmaq üçün bütün iztirabınıza son qoyacağam. Gəlin mənimlə...
Onlar bir gülüstanın içiylə irəliləyirdilər. Yaşıl çəmənlərin otu Ağabəyim ağanın hərarətindən isinirdi. Ondan sevgi və məhəbbət uman qızılgüllərin şehli ləçəkləri xəfif küləyin təmasından titrəyirdi. Addımladıqca boynuna, boğazına toxunan yarpaqlar, min bir rəngli, ətirli çiçəklər, güllər, kəklikotular, yarpızlar sanki deyirdilər: “Sev bizi! Sev! Şuşadan gəlmişik. İllərdir həsrətində olduğun Qarabağdan gəlmişik sənə sirdaş olaq. Gəlmişik ki, Vətən həsrətli yarana məlhəm olaq. Sev bizi. Nə olar?! Unut bir anlığa dağlar gözəli Şuşanı. Unut! Ovun bizimlə... Vətən bağı gətirmişik sənə. Vətən bağı...”
Yarpaqların, gül-çiçəklərin, otların dilini bilirmiş kimi Ağabəyim ağanın ürəyi çırpındı. Nəvazişlə əlini qızılgüllərin yanağında gəzdirdi. Sonra pıçıldadı:
— Hanı? Mənim Vətənimin bağında bənzərsiz bir çiçək vardı. O düzlərin xalısının hər ilməsindən o çiçək boylanardı. Cıdır düzünün xəfif mehi ilə daranardı. Dağların arxasından doğan günəşlə bir oyanar, batan günəşlə bir yatardı. Bəs hanı Vətən bağının xarıbülbülü?! Hanı?!
Ağabəyim ağanın qəmli sinəsindən bir bayatı qanadlandı: