Günəş görünəndə isə cikkildəşə-cikkildəşə sanki “günəş gəldi, günəş gəldi”, — deyə sevinc müjdəsi yetirir, günəşdə parıldayan dimdiklərini bir-birinə yaxınlaşdırıb sevindiklərini anladırdılar. Ağabəyim ağa gözünün yaşını quruda bilməyən tikməli dəsmalını gümüş belbağısının altına keçirdib pəncərəni açdı. İpək kimi ovcunda tutduğu çörək qırıntılarını irəli uzatdı.
Sərçələr uçub Ağabəyim ağanın ovcuna qondular. Xanımın kədərli üzünə ani bir sevinc gəldi. Dodaqları təbəssümdən işıqlandı.
Bu vaxt Ağabəyim ağanın qapısını döydülər. İpək əlin içindən həvəslə çörək ovuntuları dənləyən sərçələr səksəndilər. Pırıldayıb bir göz qırpımında yoxa çıxdılar. Ağabəyim ağa sonuncu tikələrini yeməyib uçan sərçələrin ürkəkliyinə güldü. Dəməşq xarasından tikilib, qızılı saplarla işlənib, güləbətinlə bəzənmiş donunu xışıldada-xışıldada qayıdıb masasının arxasına keçdi. Amiranə səslə:
— Buyurun, — dedi.
Gələn İran hökmdarı Fətəli şah idi. O, İbrahim xanın qızı Ağabəyim ağanın həyat yoldaşı idi. Heç vaxt qapını döyməmiş onun otağına girməzdi. Fətəli şah irəli yeridi. Ağabəyim ağanın bir az açılmış bənizi yenə tutuldu. Sanki üzünün günəşi getdi. Qara buludların kölgəsi çəkildi bənizinə:
— Nə əmr edirsiniz?
— Əmr etməyə gəlməmişəm. Əmr edilən kəsin hüzuruna gəlməzlər. Onu hüzura gətirdərlər.
— Şahdan əmr olsaydı, gələrdim.
— İstərdim ki, bu sözləri başqa cür eşidim.
— Təxminən necə?
— Təxminən belə — şahdan əmr olsaydı, sevərdim.
— Şahım, bu böyüklükdə səltənətin tək hakimisiniz. Məgər indiyədək yəqin etməmisiniz ki, əmrlə sevmək olmaz. Qürbətdə Vətən həsrəti bütün sevgilərin üzərinə kölgə çəkir.
O bunu dediyi anda günəş yenə buludların arxasında gizləndi. Otağa qaranlıq çökdü.
Ağabəyim ağa pəncərəyə yaxınlaşdı. Günəş son şəfəqlərini yığıb buludun arxasında gizlənmişdi: