Həmin anda günbəz yarıldı, yeddi yerdən qapı açıldı. Basat qapıların birindən çıxdı.
Təpəgöz dedi: “Oğlan, qurtuldunmu?” Basat dedi: “Tanrım qurtardı”. Təpəgöz dedi: “Sənə ölüm yoxmuş! O mağaranı görürsənmi? Orada iki qılınc var: biri qınlı, biri qınsız. Mənim başımı o qınsız qılınc kəsər. Get, götür, mənim başımı kəs!”
Basat mağara qapısına getdi. Gördü bir qınsız qılınc durmadan enir-qalxır. Ehtiyatla öz qılıncını çıxardı, qarşısına tutdu. Qılıncı iki para oldu. Getdi, bir ağac gətirdi, qılıncın qabağına tutdu. Onu da iki para eylədi. Sonra yayını əlinə aldı. Oxla o qılınc asılan zənciri vurdu. Qılınc düşüb yerə batdı. Həmin qılıncın dəstəyindən bərk tutdu. Gəlib dedi: “Ay Təpəgöz, necəsən?” Təpəgöz dedi: “Ay oğlan, yenə ölmədinmi?” Basat dedi: “Tanrım qurtardı”. Təpəgöz dedi: “Sənə ölüm yoxmuş!”
Təpəgöz söyləmiş, görək nə söyləyib demişdir:
Gözüm, gözüm, yalnız gözüm!
Yalnız gözlə mən oğuz yurdunu əsir etdim!
Ala gözümdən ayırdın, igid, məni!
Şirin candan ayırsın tanrı səni!
Belə ki mən çəkirəm göz dərdini,
Heç igidə verməsin tanrı bu günü!
Təpəgöz yenə dedi:
— Hardan gəldin, igid, yerin nə yerdir? Adın nədir, igid, söylə mənə!
Basat Təpəgözə söylədi:
— Olduğum yer, yurdum mənim Günortacdır! Mənim adımı soruşsan — Aruz oğlu Basatdır!
Təpəgöz dedi:
— Süd qardaşıyıq, qıyma mənə!
Basat dedi:
— Ay zalım, ağ saqqallı atamı ağladıbsan,
Ağ birçəkli, qoca anamı inlədibsən,
Doğma qardaşım Qıyan Səlciki öldürmüsən,
Ağca üzlü gəlinimi dul etmisən,
Ala gözlü uşaqlarını yetim qoymusan.
Böyük, iti polad qılıncımı çəkməyincə,