Təpəgöz buynuzu götürüb yerə çırpdı. Dedi: “Oğlan, qurtuldunmu?” Basat dedi: “Tanrım qurtardı”. Təpəgöz dedi: “Ay oğlan, al bu barmağımdakı üzüyü barmağına tax, sənə ox və qılınc kar eyləməsin”. Basat üzüyü alıb barmağına keçirdi. Təpəgöz dedi: “Oğlan, üzüyü alıb taxdınmı?” Basat dedi: “Taxdım”. Təpəgöz Basatın üzərinə atılıb, xəncərlə vurub-kəsdi. Basat sıçrayıb kənarda durdu, gördü ki, üzük yenə Təpəgözün ayağı altına düşüb qalıb.
Təpəgöz dedi: “Qurtuldunmu?” Basat dedi: “Tanrım qurtardı”. Təpəgöz dedi: “Oğlan, o günbəzi görürsənmi?” Dedi: “Görürəm”. Təpəgöz dedi: “Mənim xəzinəm var. Get möhürlə, o qocalar götürməsinlər!” Basat günbəzin içinə girdi. Gördü ki, qızıl, gümüş yayılmışdır. Təpəgöz dedi: “İndi elə vurum ki, günbəzlə bir yerdə darmadağın olasan”. Basat: “Lailahə ilallah, Məhəmmədən-rəsulallah!” — dedi.