Basat dedi: “Mütləq gedəcəyəm!” Qazan dedi: “Özün bilərsən”. Atası ağlayıb dedi: “Oğul, ocağımı sahibsiz qoyma, rəhm elə, getmə!” Basat dedi: “Yox, ağ saqqallı əziz ata, gedirəm”. Atasını eşitmədi, paltarının qolundan bir tutam ox çıxardı, qurşağına keçirdi. Qılıncını da qurşandı. Yayın qoluna saldı. Ətəklərini yığışdırdı. Atasının, anasının əlini öpdü, halallaşdı, “salamat qalın!” — dedi. Təpəgözün olduğu Salaxana qayasına gəldi. Gördü ki, Təpəgöz arxasını
günə verib yatır. Öz belindən çəkib bir ox çıxartdı. Təpəgözün çiyninə bir ox vurdu. Təpəgöz qocalara dedi: “Bu yerin milçəyi bizi dilxor etdi!” Basat bir də atdı. O da parçalandı, bir parçası Təpəgözün qabağına düşdü. Təpəgöz sıçradı, baxdı. Basatı gördü, əlini əlinə çalıb qah- qahla güldü. Qocalara dedi: “Oğuzlardan bizə yenə bir yeməli- yetişmiş quzu gəlib”. Basatı qabağına qatıb tutdu. Boğazından yapışıb, dedi: “Ay qocalar, günortaüstü bunu mənimçün şiş-kabab eləyin, yeyim”. Yenə yuxuya getdi.
Basat dedi: “Ay qocalar, bunun ölümü nədəndir?” Dedilər: “Bilmirik. Amma gözündən başqa ayrı yerdə ət yoxdur”. Basat Təpəgözün başı ucuna gəldi. Göz qapağını qaldırdı. Baxdı gördü ki, gözü ətdəndir. Dedi: “Ay qocalar, süngünü ocağa qoyun, qızsın!” Süngünü ocağa saldılar, qızardı.
Basat əlinə aldı. Adı gözəl Məhəmmədə salavat çəkdi. Süngünü Təpəgözün gözünə elə basdı ki, gözü məhv oldu. Təpəgöz elə nərə çəkdi ki, elə hayqırdı ki, dağ-daş əks-səda verdi. Basat sıçradı mağaraya, qoyunların içinə düşdü. Təpəgöz bildi ki, Basat mağaradadır. Mağaranın qapısında durub bir ayağını qapının bir yanına, birini digər yanına qoydu. Dedi: “Ay qoyunlar, bir-bir gəlin, keçin!” Bir-bir gəlib keçdilər. Hər birinin başım sığalladı. “Toğlu, qoç, gəlin, keçin!” — dedi. Bir qoç yerindən qalxdı, buynuzlayıb irəli cumdu. Basat bir anda qoçu basıb kəsdi, dərisini çıxartdı, quyruğu ilə başını dəridən ayırmadı; dərinin içinə girdi. Basat Təpəgözün önünə gəldi. Təpəgöz bildi ki, Basat dəri içindədir. Basat qoçun başını Təpəgözün əlinə uzatdı. Təpəgöz qoçun buynuzundan bərk tutdu. Qaldıranda buynuzla dəri əlində qaldı. Basat Təpəgözün ayaqları arasından sıçrayıb çıxdı.