Yeddi dəfə oğuz elini yerindən qovdu. Xərac istədi, aldı. İndi gündə iki adam, beş yüz qoyun istəyir. İki qocanı ona xidmətçi veriblər. İki oğlum vardı, birini verdim, biri qaldı. Növbə fırlanıb, mənə çatıb. Onu da istəyirlər. Xan, mənə kömək et!”
Basatın qaranlıq çökmüş gözləri yaşla doldu. Qardaşından ötrü, görək xan, nə söyləmişdir:
Qayalıq yerdə tikilmiş otaqlarını
O zalım yıxmışdır, yəqin, qardaş!
İti qaçan atlarını tövləndən
O zalım seçmişdir, yəqin, qardaş!
Fərəhlənib gətirdiyin gəlinini
O zalım səndən ayırmışdır, yəqin, qardaş!
Ağ saqqallı atamı
“Oğul” deyə, ağlatdın, yəqin, qardaş!
Ağca üzlü anamı sızlatdın, yəqin, qardaş!
“Qardaşımdan ayrıldım!” — deyə, çox ağladı, zarıldadı. Basat həmin qadına bir əsir verdi. “Get, oğlunu xilas et” — dedi.
Qadın əsiri götürüb gəldi, oğlu yerinə verdi. Həm də Aruzu “oğlun gəldi!” — deyə muştuluqladı. Basat atasının, anasının əlini öpdü. Ağlaşdılar, hönkürdülər. Oğuz bəyləri toplaşdı. Yemək-içmək məclisləri oldu. Basat dedi: “Bəylər, qardaşımın qanını almaq üçün Təpəgözlə qarşılaşmaq istəyirəm. Nə deyirsiz?”
Qazan bəy burada söyləmiş, görək, xan, necə söyləmişdir:
Böyük nəhəng oldu Təpəgöz,
Göydə çevirdim, yıxa bilmədim, Basat!
Böyük qaplan oldu Təpəgöz,
Uca dağlarda fırlandıq, yıxa bilmədim, Basat!
Quduz aslana döndü Təpəgöz,
Qalın qamışlıqda yıxa bilmədim, Basat!
İgid olsan, yaxşıdır,
Amma mən Qazandan artıq olmazsan, Basat!
Ağ saqqallı atanı ağlatma!
Ağ birçəkli ananı zarıldatma!