Oğuzlar Təpəgözə heç nə edə bilmədilər, vahiməyə düşüb qaçdılar. Oğuz yurdu Təpəgözün əlində əsir-yesir olub qaldı. Gedib Dədə Qorqudu çağırdılar. Onunla danışdılar: “Gəlin, pay ayıraq, xərac verək!” — dedilər. Dədə Qorqudu Təpəgözün yanına göndərdilər. Gəldi, salam verdi. Dedi: “Oğul, Təpəgöz, oğuz yurdu əlində əsir olub, viran qaldı. Sənin ayağına məni göndəriblər. Sənə vaxtaşırı pay verək, deyirlər”. Təpəgöz dedi: “Gündə altmış adam yığıb verin yeməyə!” Dədə Qorqud dedi: “Bu hesabla sən adam qoymaz, hamını yeyib qurtararsan. Amma gündə iki adamla beş yüz qoyun verə bilərik!”
Dədə Qorqud belə deyəndə, Təpəgöz dedi: “Yaxşı elə olsun! Lakin mənə həm də iki adam verin, yeməyimi bişirsin, mən yeyim!”
Dədə Qorqud döndü, oğuz yurduna gəldi. Dedi: “Bunlu qoca ilə Yapaqlı qocanı Təpəgözə verin, xörəyini bişirsin! Bir də gündə iki adamla beş yüz qoyun istəyir”. Camaat razılaşdı. Dörd oğlu olan birini verdi, üçü qaldı. Üç oğlu olan birini verdi, ikisi qaldı. İki oğuldan birini verdi, biri qaldı.
Qapaqqan adlı bir kişi vardı. İki oğlu vardı. Bir oğlunu vermiş, biri qalmışdı. İndi növbə dolanıb ona çatmışdı. Anası fəryad edib, zar-zar ağladı. Sən demə, Aruz oğlu Basat harasa döyüşə gedibmiş; bu zaman gəlib çıxdı. Oğlanın anası dedi: “Basat indi çapqınçılıqdan gəlib. Gedim, bəlkə, mənə bir əsir verdi, oğulcuğazımı qurtara bildim”.
Basat oturmuşdu ki, gördü bir qadın gəlir. Salam verdi, ağladı. Dedi:
Ovuclarına sığmır lələkli oxun,
Yekə təkə buynuzundan bərk yayın var.
İç Oğuzda, Daş Oğuzda bəllidir adın,
Aruz oğlu, igid Basat, kömək et mənə!
Basat dedi: “Nə istəyirsən?” Qadın dedi: “Vəfasız dünyada bir kişi meydana çıxıb. Oğuz elini yaylağa köçməyə qoymadı. Böyük iti polad qılınclar bir tükünü kəsə bilmədi. Nizə oynadanlar dərisini dələ bilmədi. Ox atanlar ona kar etmədilər. İgidlərin başçısı Qazana bir zərbə vurdu. Qardaşı Qaragünə onun əlində əzildi. Ağ saqqallı atan Aruza qan qusdurdu. Meydanda qardaşın Qıyan Səlcikin ödü yarıldı, can verdi. Qalan oğuz bəylərinin də kimini şikəst etdi, kimini həlak elədi.