“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDAN
“BASATIN TƏPƏGÖZÜ ÖLDÜRDÜYÜ BOY”
(TƏSVİRİ-NƏQLİ XARAKTERLİ BƏDİİ NÜMUNƏNİN TƏHLİLİ ÜZRƏ İŞ)
Tapşırıq 1.
1. Oxuya hazırlıq təlimatını yerinə yetirin (cədvəl 1, səh. 14).
2. Əsəri proqnozlaşdırmaqla oxuyun.
Proqnoz | Əsərdə verilən variant |
Bir gün oğuzların yurdlarına düşmən basqın etdi. Onlar gecəylə qorxub köçdü. Qaçıb gedərkən Aruz qocanın körpə oğlu düşüb yolda qaldı, bir şir tapıb götürdü, bəslədi...
Bir müddətdən sonra oğuz camaatı yenə yurduna qayıtdı. Oğuz xanın ilxıçısı gəlib xəbər gətirdi. Dedi: “Xan, qamışlıqdan bir şir çıxır, sıçrayıb qaçmağı adam kimidir, atı vurub-basır, qanını sümürür”.
Aruz dedi: “Xan, bu, bəlkə, yerimizdən qaçanda düşüb itən körpə oğlumdur?” Bəylər atlandılar. Şirin yatağı üzərinə gəldilər. Şiri qaçırıb oğlanı tutdular. Aruz oğlanı evinə gətirdi. Şadlıq etdilər. Yemək-içmək oldu. Amma oğlanı nə qədər saxlayıb- ovundurdularsa, durmadı, şirin yataq yerinə qaçdı. Yenidən tutub gətirdilər.
Dədəm Qorqud gəldi. Dedi: “Oğlum, sən insansan. Heyvanla həmsöhbət olma. Gəl yaxşı atlar min, yaxşı igidlərlə birgə çap! Böyük qardaşının adı Qıyan Səlcikdir, sənin adın Basat olsun! Adını mən verdim, yaşını Allah versin!”