Bu mənzərə yoldaşıma də təsir etmişdi ki, qaşqabağını sallayıb başını buladı.
— Yaxşı iş görmədik, — dedi.
Mən onu məzəmmət etdim:
— Axı sənə dedim ki, indi quşların bala çıxaran vaxtıdır.
— Keçib, — deyə o, üzümə baxmadan kədərlə dilləndi.
Heç nədən xəbəri olmayan körpə bala anasına baxıb hey civildəyirdi.
— Bəs bunlar necə olacaq? — deyə Həsəndən soruşdum.
— Aparaq evə.
Körpə balanı və ananı üsulluca götürüb evə gətirdik. Onlar üçün qəfəsdə yer düzəltdik. Qabaqlarına dən səpdik, su qoyduq. Qoca nənəm sınıqçı idi. O, quşun qıçını sarıdı.
O gecə Quruçay yenə də əvvəlki kimi şırıldayır, qurbağalar səslənirdi. Yaz gecəsi heç bir şey olmamış kimi yenə də öz əfsanəsini söyləyirdi.
Lakin evimizin arxasındakı zəmidən daha turac nəğməsi eşidilmirdi.
İlyas Əfəndiyev
İlyas Əfəndiyev
İlyas Əfəndiyev ədəbiyyata gəldiyi ilk illəri belə xatırlayır: “Qaryagində (Füzuli rayonu) coğrafiya müəllimi işlədiyim vaxtlar yadıma düşür. Uzun qış gecəsi idi, çöldə qar-çovğun vardı. Adətim üzrə mütaliə edirdim. Darıxır, qəribə hisslər keçirirdim. Birdən elə bil ilahidən məndə bir fikir yarandı ki, buradakı həyatımı, ürəyimi əzən, sıxan düşüncələrimi şəhərdəki bir dostuma məktub formasında yazım. Bu güclü hissin qarşısında davam gətirə bilmədim. Özüm də bilmirəm nə iş idi, oturdum, bir də gördüm ki, hekayə yazıram. Növbəti gün də, ondan sonra da belə oldu. Dalbadal 9 hekayə yazdım.
Hekayələri mərhum yazıçımız Əbülhəsənə təqdim etdim. Hekayələrin cavabını nə vaxt ala bilərəm? - Ünvanını qoy get, vaxt olanda oxuyub cavab yazarıq. - Yox, - dedim, - xahiş edirəm mən rayona qayıdanacan oxuyasınız ki, cavabını özümə deyəsiniz. Soruşdu: - Rayona nə vaxt qayıdırsan? Dedim: - On gündən sonra. On günəcən bunları oxuya bilmərəm, özü də əlyazmasında gətirmisən. Mən təkid elədim. On gündən sonra o məni ayrı cür qarşıladı. Gülümsəyib soruşdu: - Sənin hekayələrin hansı qəzet-jurnallarda çıxıb? - Heç birində - dedim. - Bunlar mənim ilk hekayələrimdi. - Doğrudan? Amma mənə elə gəldi ki, sən çoxdan çap olunursan. Hekayələr onun xoşuna gəlmişdi”.