Yoldaşım Həsən kəndimizdə birinci sapand atan idi. Quşu gözündən vurardı. Onun qorxusundan zəmilərimizə bir qarğa qona bilməzdi. O, hətta bunun üçün kolxozdan əməkgünü də alırdı. Bizim kənddə qarğa çox olur. Onlar dəstə ilə uçub zəmi və bostanlara böyük ziyan vurur. Kolxoz sədri əkinləri onlardan qorumağı bizə tapşırmışdı. Həsən də sapandla iki qarğa vurub hərəsini zəminin bir tərəfində ağacdan asmışdı ki, başqa qarğalar görüb yaxın gəlməsin.
Deyəsən, mən əsl mətləbdən uzaq düşdüm. Yuxarıda dediyim kimi, evimizin arxasındakı zəmidə bir turac peyda olub — səhər-axşam oxuyurdu:
— Tut-du-du, tut-du-du.
Bir axşam Həsən bizə gəlib dedi ki, hər nə cür olsa, gərək o turacı sabah tapıb ovlayaq. Mən etiraz edib dedim:
— Axı atamgil indi heç ova getmirlər, deyirlər, quşların bala çıxaran vaxtıdır.
Həsənin bir pis xasiyyəti vardı ki, çox inadcıl idi. Başına bir iş girdimi, gərək hər nə cür olur-olsun, yerinə yetirəydi. Buna görə də sözündən dönmədi:
— Məgər, — dedi, — quşların hamısı birdən bala çıxarır?
Mən istər-istəməz razı oldum.
Səhər balaca heybələrimizi yumru daşlarla doldurduq, zəmidə gizlənib turacın oxumasını gözlədik. O, oxumağa başlayan kimi biz yavaş-yavaş səs gələn tərəfə süründük. Çox axtardıq, bir şey tapa bilmədik. Birdən lap ayağımızın altından pırıltı ilə bir quş uçaraq havaya qalxdı. Həsən hazır saxladığı gödəkqollu sapandını tovlayıb atdı. Turac bir qədər havaya millənib, sonra qurğuşun kimi yerə düşdü.
Biz adam boyu qalxmış sünbülləri aralaya-aralaya quş düşən yerə yüyürdük. Və gördük ki, o, kolun dibində bir ayağı üstündə dayanıb ürkək nəzərləri ilə ətrafına baxır. Bizi görən kimi gücünü toplayıb havaya qalxdı. Biz arxasınca yüyürdük. O, bir qədər uçduqdan sonra balaca böyürtkən koluna qondu. Fikirləşdim ki, yəqin, heyvan yaralı canını bizdən qurtarmaq üçün bu balaca kola pənah gətirdi. Ancaq yaxınlaşdığımız zaman elə mənzərəyə rast gəldik ki, mən onu heç vaxt unutmayacağam. Yumurtadan təzəcə çıxmış kiçik bala anasına baxaraq zəif səslə civildəyir. Və elə bil ki deyirdi: “Ana, bəs mənim üçün gətirdiyin yem hanı?” Yaralı turac isə tək ayağının üstündə dayanıb ürkək nəzərləri ilə gah bizə, gah da balasına baxırdı.
“Yazıq quşcuğaz! Sən sınıq ayağınla bu körpə balaya necə yem tapıb gətirəcəksən? Bəs bu gecə o nə yeyəcək?” — deyə düşünürdüm.