Yusif Balasaqunlu
..Bir dəfə Türkiyədə mənə “Qutadqu biliy”in son tərcümələrindən birini bağışlamışdılar. Mən əlimdə kitab dayandığım zaman böyük türk alimi mərhum Bahəddin Ögəl əlimdəki kitabın adını soruşdu. Mən dedim: “Qutadqu bilik - səadət gətirən elm”. O gülümsəyib: “Yox, oğlum, o kitabın adı “Dövlət kitabı”dır, “Dövlətnamə”dir. Türk dövləti, fəlsəfəsi, düşüncəsi haqqında ən böyük söz də bu kitabdadır. Azərbaycanın bu kitaba ehtiyacı çoxdur”.
Müdrik alimin sözlərindəki həqiqəti inkar etmək mümkün deyil. Bu möhtəşəm abidənin müəllifi türk-islam ədəbiyyatının ilk böyük sənətkarı Yusif Balasaqunludur. Əsərdə türklərin mənəvi tərəfi, ictimai-siyasi görüşləri öz əksini tapmışdır. Əsər Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürk tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir.
Kamil Vəli Nərimanoğlu
YAZI PROSESİ
(Rəy-inşa)
Tapşırıq.
I. Yusif Balasaqunlunun “Qutadqu bilik — səadət gətirən elm” poemasından verilmiş parçaya bir daha nəzər salın. Təqdim edilən mövzuların biri üzrə (1—1,5 səhifə həcmində) rəy-inşa yazmaq üçün dərsliyin 19 — 22-ci səhifələrindəki “Oxunun və yazının təşkili formalarım əks etdirən cədvəl”dən istifadə edin. İnşanın mövzusu ilə mətnin təşkili formalarını əlaqələndirin. Unutmayın ki, hər bir mövzu yalnız bir forma ilə əlaqəlidir.
1. Əsərdə elm yazıçı tərəfindən necə təsvir edilmişdir?
2. İnsan elmə sahib olmaq üçün həyatda hansı işləri görməlidir?
3. Elmli və elmsiz insan barədə müəllifin fikirlərini qarşılaşdırın
və müqayisəli şəkildə şərh edin.
4. Elm insanın həyatında hansı dəyişikliklər edir?
5. İnsanların elmə marağını yüksəltmək üçün nə etmək lazımdır?
II. Rəy və inşanı yazan zaman fikirlərinizi əsaslandırmaq üçün
fakt və sitatlardan istifadə edin.
III. Yazı zamanı öyrəndiyiniz yeni söz və ifadələrdən istifadə edin.