Mətnin tərtibində əhəmiyyət verilməli digər məsələlər | |
— Əsasən, keçmiş zamanda baş verən hadisələr haqqında danışılır; — Konkret zamanda və məkanda əşya, hadisə və insanı təsvir edərkən təsirli feillər və dəqiq seçilmiş isimlərlə yanaşı, sifət və zərflərdən də geniş istifadə edilir; — Bununla müəllif oxucunu həmin zaman və məkana “aparır”, insanlarla “görüşdürür”; — Hadisələr həm keçmiş zamanda III şəxsin, həm də indiki zamanda I şəxsin dilindən yazılır. Bununla müəllif öz oxucusunu yaratdığı obraza daha da yaxınlaşdırır; — Dialoq zamanı hadisələr keçmişdən indiyə və ya gələcəyə dəyişə bilir; — Bədii təsvir və ifadə vasitələrindən istifadə edilir; — Hisslərin təsvirinə yer verir. Əsərin qəhrəmanının hiss etdiklərini oxucu da hiss edir. |
Tapşırıq 4. “Koroğlu” dastanı üzrə araşdırmalarınızı davam etdirin. Əsərin ideyasını müəyyənləşdirin. Seçdiyiniz bədii ifadə və təsvir vasitələrini həmin cədvələ (cədvəl 13, səh. 52) daxil edin. Əsərdəki başlıca obrazları təsvir və təhlil edin. Əsərin hissələrini müəyyənləşdirin.
İLYAS ƏFƏNDİYEV. “ZƏMİDƏ BİR TURAC SƏSLƏNİRDİ”
(BİZ NƏ ÖYRƏNDİK?)
Bizim kəndin yaz axşamları gözəl olur. Kəndimizin yarımkilometrliyindən axan Quruçay şırıldayır, elə bil ki axıb gəldiyi qalın meşələrdən bizə qəribə əfsanələr hekayət edir. Qurbağalar aramla səslənir. Evimizin arxasındakı zəmidə isə bir turac dalbadal oxuyur:
— Tut-du-du, tut-du-du.
Tut-du-du, tut-du-du.
Bizim yaşıl yamaclarda, çay kənarındakı Laləli dərədə turac çox olur. Lakin evimizin yaxınlığında hər səhər, hər axşam oxuyan bir turac təzə peyda olmuşdu.
Biz iki yoldaş idik. İkimizin də atası ovçu idi. Onlar otuz-qırx il idi ki, balta dəyməmiş qorxulu Kirs meşələrində ovçuluq edirdilər. Başlarına gəlmiş işlər barəsində o qədər maraqlı nağıllar danışmışdılar ki, biz də ovçu olmaq xəyalına düşmüşdük. Lakin nə tüfəngimiz var idi, nə də ov itimiz. Bunların əvəzində ala-bəzək iplərdən toxunmuş sapandımız var idi ki, daş qoyub atanda tapança kimi şaqqıldayırdı.