Bunu bilməlisiniz!
Dastan şifahi xalq ədəbiyyatının həcmcə ən böyük janrıdır. Dastandakı əhvalat nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Dastanlarda müəyyən bir dövrdə baş vermiş əhvalat həyati həqiqət kimi söylənir. Dastanlarda bəzən faktlar şişirdilir, mübaliğədən çox istifadə olunur. Burada bəzən əfsanəvi və sehrli qüvvələr də iştirak edir. Azərbaycan şifahi xalq ədəbiyyatında onlarca dastan var. Dastanları ideya-mövzu cəhətdən iki qrupa bölmək olar:
— qəhrəmanlıq dastanları;
— məhəbbət dastanları.
Qəhrəmanlıq dastanlarında xalq içərisindən çıxmış igid oğul və qızların azadlıq, haqq, ədalət uğrunda mübarizəsi təsvir olunur.
Tapşırıq 2. “Oxudan sonra” təlimatı üzrə iş aparın (cədvəl 3, səh. 17). Müzakirələr zamanı öyrəndiyiniz yeni sözlərdən nitqinizdə istifadə edin.
Tapşırıq 3.
1. Təsviri-nəqletmə xarakterli bədii nümunələrin səciyyəvi cəhətlərini nəzərə alaraq oxuduğunuz dastanı 25-ci cədvəldən istifadə etməklə araşdırın. Aşkar etdiyiniz xüsusiyyətlərlə bağlı qeydlərinizi aparın. Onların faydalı fikirlərindən yararlanmaqla işinizin keyfiyyətini yüksəldin.
2. Nəticələrinizi yoldaşlarınızla müzakirə edin. Fikirlərinizi əsaslandırın.