Bunu deyib, Qara xan döndü getsin. Koroğlu baxdı ki, Qara xan əkilmək istəyir. Aman verməyib onu yaxaladı. İlxıçı paltarını soyunub kənara atdı. Bir nərə çəkdi. Qara xanın qulaqları batdı. Tez adamlarını köməyə çağırdı. O tərəfdən də dəlilər Koroğlunun nərəsini eşidib, siyirməqılınc töküldülər. Ara qarışdı. Dava başladı. Davanın şirin yerində Koroğlu özünü Qara xana yetirdi. Misri qılınc havada parıldayıb, Qara xanın təpəsində elə gözdən itdi ki, elə bil ildırım yerə soxuldu. Qara xan bayaq ha cəhənnəmə vasil oldu. Qoşun Qara xanı ölmüş görüb davam gətirə bilmədi. Qırılan qırıldı, qalan da qaçdı, dağıldı. Dəlilər qiymətdə ağır, vəzndə yüngül nə vardısa, götürdülər. Düratla bərabər ilxım da qabaqlarına qatıb Çənlibelə yol başladılar. Dağ aşıb, düz keçib gəldilər Çənlibelə çatdılar.
Nigar xanım qabağa çıxdı. Koroğlu atdan düşdü. Qara xanın mehtərini gətirdilər. Koroğlu ona bir at, bir də bir qılınc bağışlayıb dəlilərin içinə qatdı.
Məclis quruldu, keflər duruldu, saqi dolandı, ruh təzələndi. Nigar əlində badə Koroğlunun yanına gəldi. Dedi:
— Ay Koroğlu, bilirəm, sən səfərdən davasız-şavasız qayıtmazsan. De görüm, Ballıca səfərin necə keçdi? Kimlə qabaqlaşdın? Kimlə dalaşdın?
Koroğlu badəni alıb içdi. Üçtelli sazı döşünə basıb dedi: