Koroğlunun bu sözünə Qara xanın acığı tutdu, dedi:
— Mən dedim, mənə ilxıçı ol, demədim ki, Koroğlunu mənim üstümə çək gətir. Bir də sən nə çox Koroğlu, Koroğlu deyirsən? Koroğlu bir adsız-sansız gədənin birisi, mən xan. Özüm də İran padşahının qohumu. Koroğlu gəlmiş mənə nə eləyəcək? Qoy lap gəlsin. Onu bir Koroğlu elərəm ki, biri də yanından çıxar.
Koroğlu baxdı ki, yox, Qara xan özündən çox müştəbehdi. Elə bir istədi paltarı atıb, desin, mən Koroğlu, özüm də budur, gəlmişəm. Sonra lənət şeytana eləyib aldı sazı, dedi:
— Yox, xan, sən səhv eləyirsən.
Qara xan bunun belə diri danışmağından şübhələnmişdi. Düzdü, Koroğlu olmağını güman eləmirdi, amma elə ürəyinə üşütmə düşmüşdü. Dedi:
— Sən, deyəsən, şərə-şürə adamsan. Bizimki sənnən tutmaz. Yaxşısı budu ki, çıx burdan get. Səndən ilxıçı olmaz.