Koroğlu dedi:
— Bəli, ilxıçıyam. Neçə il idi ki, Çənlibeldə Koroğlunun ilxısını otarırdım. Budu, bir ay olar ki, məni çıxardıb qovub.
Qara xan soruşdu:
— Niyə çıxardıb qovdu ki?
Koroğlu dedi:
— Mənə dedi ki, day bəsdi, bu qədər ilxıçı oldun. Gəl indi mənə dəli ol! Mən boyun qoymadım. O da qəzəblənib məni qovdu.
Qara xan dedi:
— Səni Koroğlunun ilxısına göndərsəm, gedərsənmi?
Koroğlu baxdı ki, oğlan doğru deyirmiş. İlxı buradadı. Özünü bilməməzliyə vurub soruşdu:
— Necə yanı Koroğlunun ilxısına?
Qara xan lovğalana-lovğalana dedi:
— Koroğlunun həmin ilxısı bu saat buradadı. Gətirtmişəm.
Koroğlu özünü lap avamlığa vurub soruşdu:
— Necə gətirtmisən?
Xan dedi:
— Gətirtmişəm də... Nə işin var necə gətirtmişəm. Mən gətirdərəm.
Koroğlu qəsdən soruşdu ki:
— Yaxşı, xan, birdən Koroğlu bildi. Onda nə eləyəcəksən?
Xan dedi:
— Bilsin də... Bilmiş mənə nə eləyəcək?
Day burada Koroğlu özünü saxlaya bilmədi. Dedi: