Dəlilər hamısı qalxdılar ayağa. Ləpirçilər düşdülər qabağa. Koroğlu özü də başladı geyinməyə. Elə bu dəmdə bir də gördülər ki, budur, keşikçilər bir adam gətirir. Yaxınlaşanda Koroğlu baxdı ki, bu — çiynində kəpənəyi, əlində dəyənəyi cavan bir oğlandır. Özü də şəstli-bəstli, bazburutlu bir şeydir. Soruşdu keşikçilərdən ki:
— Kimdi bu?
Keşikçi dedi:
— Bilmirəm. Nə qədər elədik, demədi. Səni görmək istəyir.
Koroğlu dedi:
— Bala, kimsən? Nə istəyirsən?
Oğlan qabaqca salam verdi. Koroğlu əleyk aldı. Onda oğlan
Koroğludan soruşdu:
— Hələ bir qabaqca deynən görüm, sizin ilxınız itib, ya yox?
Koroğlu dedi:
— Hə, itib. Necə?
Oğlan elə bil arxayınladı. Dedi:
— Qoy hələ bir nəfəsimi dərim, yorulmuşam.
Koroğlu dedi:
— Əyləş!
Oğlan əyləşdi. Patavalarını açdı. Çarıqlarını çıxartdı, bir tərəfə qoydu. Sonra corabların çıxartdı. Onları da bir tərəfə qoydu. Ondan sonra başını qaldırıb dedi:
— Koroğlu, mən Ballıcalı Qara xanın mehtəriyəm. Budu, üç gündü ki, sənin ilxını Qara xan tutub. Gəlmişəm sənə xəbər verməyə. Dürat da ilxının içindədi. Mən də elə ondan bildim ki, ilxı sənindi.
Koroğlu elə bunu eşitcək dik yerindən qalxdı. Dedi:
— Dəli Həsən!
Dəli Həsən dedi:
— Bəli, qoç Koroğlu?
Dedi:
— Mən gəlincə bu oğlanın üstündə gözün olsun.
Dəli Həsən dedi:
— Baş üstə!
Ondan Koroğlu üzün dəlilərə tutub dedi: