Sinəmin düyünü, dağı,
Müxənnət, meydan açmağı,
Mən dəliyə sataşmağı
Yandırır məni, yandırır...
Yaradan hoyuma yetə,
Bu müşkül mətləbim bitə,
Dürat da Qıratdan ötə,
Yandırır məni, yandırır...
Koroğluyam, deyim düzü:
Saymaram əllini, yüzü,
Hərcayının tənə sözü
Yandırır məni, yandırır...
Söz tamama yetişdi. Nigar dedi:
— Yaxşı da... Axır acıqlanmaqdan, dodaqlarını çeynəməkdən ki bir şey çıxmayacaq. Tədbirin nədi, onu de!
Koroğlu sazı döşünə basıb, bir dəfə dəlilərə baxdı, dedi:
İndi bir mərd dəli gərək,
Tapsın mənim Düratımı.
Bəslənəndə quzu kimi,
Miniləndə kür atımı.
Kişnəyib meydanda gəzən,
Hərdən sağa-sola süzən,
Düşmanın başını üzən,
Bir əsrəmiş nər atımı.
Həmişə olan gücündə,
Şeşpər atıla üstündə,
Hünər göstərib dar gündə,
Düşürməyən ər atımı.
Koroğluyam, yol güdərəm,
Düşman bağrını didərəm,
Atlannam, özüm gedərəm,
Çəkin mənim Qıratımı!..