Dəli Mehtər tez atlandı. Dəlilərdən, mehtərlərdən də bir neçəsini yanına alıb ilxını axtarmağa getdi. Amma sən de ki, ilxı hayanda idi? İlxı odu Qara xanın qoruğunda, Dəli Mehtər axtarır Çənlibelin kövşənlərini. Hər yeri bir-birinə vurdular. Dağı-daşı əldən-ayaqdan saldılar. Axırda kor-peşman Çənlibelə qayıtdılar.
Koroğlunun dərdi bir idi, oldu min. Dəlilər başladılar ona ürək verib yoşutmağa ki:
— Ay Koroğlu, niyə bu qədər cəza-fəza eləyirsən? İlxıdı, görəsən, ağzı hayana düşüb, çıxıb gedib. İtməyəcək ki? Harada olsa tapılacaq. Qorxudan kim sənin ilxına gözünün ucu ilə baxa bilər?
Dəlilər çox dedilər, Koroğlu az eşitdi. Nə qədər elədilər, yoşumadı ki, yoşumadı. Elə olmuşdu, elə olmuşdu ki, acığından bığlarını gəmirirdi. Nigar gördü yox, Koroğlu soyumaq bilmir. Elə bil ki yanmış kürədir, getdikcə qızır. Axırda dedi:
— Ay Koroğlu, hirslənəndə soyumaq bilmirsən. İndi nə olub axı? İlxıdı, itib, tapılar da...
Koroğlu Nigarın cavabında aldı görək nə dedi: