“KOROĞLU” DASTANINDAN “DÜRATIN İTMƏYİ” QOLU
(TƏSVİRİ-NƏQLİ BƏDİİ NÜMUNƏLƏRDƏ TƏSVİRİLİK VƏ
NƏQLETMƏ XÜSUSİYYƏTLƏRİ)
Tapşırıq 1.
1. Oxuya hazırlıq təlimatını yerinə yetirin. Düşünərək oxunu təmin edən yardımçı suallara cavab verməklə əsəri oxuyun.
(Dastan)
Yenə də yaz ayları gəlmişdi. Çənlibeldə başqa bir aləm var idi. Hər tərəf al-yaşıla bürünmüşdü. Elə idi, elə idi ki, gül gülü, bülbül bülbülü çağırırdı. Necə deyərlər, lalələr bənövşələrə göz vururdu. Sıldırım qayalarda xınalı kəkliklər qaqqıldaşırdı. Bülbüllər Koroğlunun səsinə səs verirdi. Çənlibelin ətəklərində ot adamboyu qalxmışdı. Koroğlunun ipə-sapa yatmayan, qoruq-qaytaq bilməyən ayğırları ilxı ilə göy ota buraxılmışdı. Koroğlu bu yaz Düratı da ilxıya qatdırmışdı.
Dürat ola, çöl ola, xam dəli ayğırlar ola. Olmuşdu dəlisov bir şey. Day bir at ilə yola getmirdi. Çəçikləşirdi, qapışırdı, vuruşurdu. Day, o necə deyərlər, ilxını götürmüşdü başına, eləmişdi ləlik-giryan.
Yenə də günlərin bir günündə Düratın nadincliyi tutdu. Atların birini vurdu, birini qapdı, axırda hamısını qabağına qatdı, Çənlibeldən aşağı töküb qovmağa başladı. İlxının ağzı düşdü çöllü bərrü-biyabana. Gethaget, gethaget, ilxı dağlar aşdı, düzlər keçdi, yamaclar dırmandı, enişlər endi, gəlib Ballıcada Qara xan deyilən bir xan var idi, onun qoruğuna doldu. İndi eşit Qara xandan.
Qara xan əzazil bir xan idi. Çox az adam tapılardı ki, onun əlindən sinədağlı olmasın, özü də yaman tamahkar idi. Kimdə bir yaxşı şey görsəydi, ya xoşla, ya hiylə ilə, ya da ki bunların heç birisi baş tutmayanda zorla tutub əlindən alardı. Day camaat onun əlindən zinhara gəlmişdi. Hər yerdə özünü elə göstərirdi ki, guya, İran padşahının qohumudur. Odur ki qorxudan heç kəs ona bir söz deyə bilmirdi.