Cabir Novruz
(Əfsanə)
Natəvan oğlu Mehdiqulu ilə qızı Xanbikənin əlindən tutub seyrə çıxmışdı. Yazın yaxşı vaxtı idi. Yal-yamacın tamaşasından doymaq olmurdu. Qarlı quzeylərin ağlayan, güllü güneylərin gülən günləri idi. Bulaqların, çayların qah-qah çəkən, uğunub gedən anları idi.
Birdən onların qarşısına bir atlı çıxdı. Qucağında da bir əlik. Ovçu tüfəng-tapançalı, yay-oxlu, qılınc-qalxanlı, şahqatarlı idi.
Atdan endi.
Natəvanı yaxşı tanıyırdı. Onun qəzəllərini az əzbərləməmiş, kefinin kök vaxtı dərələrdə, meşələrdə avazla az oxumamışdı.
— Xanım, — dedi, — bugünkü ovum sizin qismətinizdir. Uşaqlar əl-ayağı bağlı əliyə qorxa-qorxa yaxınlaşdılar, əllərini ehtiyatla toxundurdular. İlk təmasdan diksinən əlik tumara tez yatdı, xoşhallandı. Ölüm vahiməsi yaşlı gözlərindən çəkildi. Çapaladı, sanki Natəvandan imdad istədi, onu köməyə çağırdı: “Əl- qolumu aç, — dedi, — mən də anayam, mən də balalarımın yollarda qalan gözlərini özlərinə yığmaq, həsrətli gözlərinin sel yaşlarını qurutmaq istəyirəm”.