CABİR NOVRUZ. “MƏN BİZİM ANALARI GÜNƏŞLƏ
TƏN TUTURAM”
“ANA RƏHMİ” ƏFSANƏSİ
(TƏSVİRİ VƏ NƏQLETMƏ XARAKTERLİ BƏDİİ NÜMUNƏLƏRİN
OXŞAR VƏ FƏRQLİ CƏHƏTLƏRİ)
Tapşırıq 1.
Əsərləri oxumazdan əvvəl oxuya hazırlıq işi aparın. Düşünərək oxumaq üçün təqdim edilən yardımçı sualları cavablandırmaqla əsərləri oxuyun.
MƏN BİZİM ANALARI GÜNƏŞLƏ
TƏN TUTURAM
Mən bizim anaları Günəşlə tən tuturam,
Onlara gül çələngi məhəbbətdən tuturam,
Əlvan qövsi-qüzehdən min cür rəng istəyirəm
Onlara od verirəm ürəyimin odundan.
Övladların adından, oğulların adından
Əyilməz analara əyilmək istəyirəm.
Söz qoşmaq istəyirəm ən cavan analara,
Ömrünü bizə verib qocalan analara,
Bizə laylalarıyla xoş həyat verənlərə,
Bizə tale bəxş edib, bizə ad verənlərə,
Toyumuzu görəndə yüz il gəncləşənlərə,
Qadın adlı xilqətə, ana adlı bəşərə,
Sevgi dolu mahnılar oxumaq istəyirəm,
Nə qədər ki səsim var, oxumaq istəyirəm.
Oğulları döyüşdən geri dönməyənləri,
Fəqət ürəklərində ümid sönməyənləri,
Bir gecədə saçını ağappaq hörənləri,
Bir gözüylə ağlayıb, birilə gülənləri,
Keçmiş qanlı davadan hər gün söz salanları,
Gəlinsiz olanları, nəvəsiz qalanları
Övlad məhəbbətilə isitmək istəyirəm,
Ürək hərarətilə isitmək istəyirəm.