(poemadan bir parça ixtisarla)
Tərcümə edəni: X.R.Ulutürk
Bilirsən qəsdimi, ey ulu alim,
Elmdən, zəkadan, idrakdan deyim.
Zülmət bir gecədə məşəldir zəka,
Elmdir nur salan kor qaranlığa.
Elm ilə, idrakla yüksəlir insan,
Qədir-qiymətini elminlə qazan.
Yad et zəka tacı Nuşirəvanı,
Necə işıqlatdı əqli cahanı.
Səadət gətirdi xaqan millətə,
Adını həkk etdi əbədiyyətə.
Elmdir yaradan qədir-qiyməti,
Savadsız adamın nə mərifəti?
Zəkalı kişilər nə bəxtiyarmış,
Deməli, əsli də, nəsli də varmış.
İdrakı olanın nəcabəti var,
İdrakı olanlar bəylik qazanar.
Üzüb qara yerdən əlini insan,
Saçdı kainata elm ilə ürfan.
Zəkadan saçılır aləmə şölə,
Bəylər xalq işini görür əql ilə.
Dünyada nə qədər gözəl sənət var,
İdrak sayəsində yaranmış onlar.
Nə böyük matahdır, demə, təfəkkür,
Hələ zərrəsinin hökmü böyükdür.
Elm gül suyuna bənzəyir bir az,
Nə elmi, nə ətri gizlətmək olmaz.
Gülabı gizlətsən, gələcək ətri,
Dilə od vuracaq elmin hər sətri.
Elm sənin öylə sərvətindir ki,
Darta, çala bilməz bir oğru-əyri.
Müdrik insanlara sər-sanbal gərək,
Ay və Günəş kimi nur camal gərək.
İnsan* — xoşqılıqlı, mülayim, mətin,
Çırağı olmalı mədəniyyətin.
İnsan zəki gərək — iş görə bilsin,
Elmini ellərə pay verə bilsin.