Bağın ayağına doğru qaçmağa başladılar. Xeyli uzaqlaşandan sonra bir təpənin üstünə çıxıb evlərinə tərəf boylandılar. Gözlərinə inanmadılar. Evləri od-alov içərisində alışıb-yanırdı.
Ata dərindən ah çəkərək:
— Ay namərd Suren, — dedi, — bu sənin işindi. Yəqin, uşağı da öldürəcəklər.
Artıq onların ayaqları yer tutmurdu. Qonşu kəndlərdən də dərə boyu qaçıb aşağıya tökülürdülər. Ata nə qədər təkid edirdisə, ananı beli bükülü halda oturduğu yerdən tərpədə bilmirdi.
— Heç hara gedən deyiləm. Balamla burda öləcəyəm.
Qorxudan səslərini çıxarıb doyunca ağlaya da bilmirdilər. Kəndin itləri aramsız ulaşırdı.
Gecəni soyuğun, sazağın içində dirigözlü açdılar. Dan yeri söküləndə ata ananı zorla razı salıb uşağın dalınca yollandı. Ayın aydınlığı olduğundan səhər toranlığı aydın görünürdü. Ata bağlarının ayağında dayanıb evlərinin, tövlələrinin son tüstülərinə tamaşa etdi. Cəsarət edib evlərinə yaxın düşə bilmədi. Qızı Zərifin sağ qalmasına bütün ümidi tamam kəsildi. Kəsə cığırla geri dönəndə artıq səhər açılmışdı. Kol dibindən yenicə açılmış bənövşələr boylanırdı. Ata gözüyaşlı qızını xatırladı. Axı Zərif hər yaz gələndə bu zərif bənövşələrdən dəstə bağlayıb ona bağışlayardı.
Ata yol gözləyən anaya nə cavab verəcəyini və onu yerindən qaldırıb bu qaçanlar dəstəsinə necə qoşacağını bilmirdi. Ata bu fikir-xəyal içində qarşısındakı kolun dibində bir qaraltı gördü. Yaxın gəldi. Bu, qız uşağının cəsədi idi. Şaxtadan qaralıb bozarmış bu cəsəd onun ciyərparası olan Zərif idi. Qız al-qanın içindəydi. Köksündə neçə-neçə güllə yarası vardı. Sıxılmış ovcunda isə qanlı bənövşə çiçəkləri!
Ata gözlərinə inanmadı. Cəsədi paltarlarından tanısa da, qaldırıb üzünə baxdı. Dizləri qatlandı, yerə oturdu. Balasının üzünə heyrətlə baxdı. Zərif barmaqlar arasından boylanan qanlı bənövşələri görüb var səsi ilə hayqırmaq, bu vəhşiliyi, bu ədalətsizliyi bütün dünyaya car çəkmək istədi. Ancaq bacarmadı.
Qızını qolları üstündə qaldırıb, şaxtadan donub bozarmış üzündən öpdü. Sonra ananı qoyub gəldiyi səmtə yollandı.
Əli Səmədli