Zərif baxdı-baxdı, bu qızın sözlərindən heç nə anlamadı. Nə türk sözünü, nə də düşmən sözünü. Yenə kor-peşman evlərinə döndü. Axşam atası işdən gələndə onun boynuna sarılıb soruşdu:
— Ata, düşmən nədir?
Atası bir qədər duruxdu, bilmədi qızına nə cavab versin.
— Qızım, bu sözü kimdən eşitmisən?
— Süsəndən. O dedi ki, biz düşmənik.
— Qızım, düşmən onlardı, biz dostuq.
— Bəs türk kimdir?
— Türk bizik, qızım.
— Bəs biz azərbaycanlı deyilik?
— Yox qızım, Azərbaycan bizim torpağımızın adıdır. Bizi türk dünyasından ayırmaq üçün
millətimizi, dinimizi, əlifbamızı əlimizdən alıblar. Böyüyəndə bunların hamısını biləcəksən.
Ata bu sözləri dedikcə onu qəhər boğurdu. Gözləri yaşla dolub- boşalırdı. Bu zaman elə kimsə çəpərin üstündən, atasının gözünün qabağında həyətə bir vərəq yazılı kağız atdı. Ata cəld kağızı götürüb oxudu. “Siz türklərə kəndi boşaltmaq üçün üç gün vaxt verilir. Getməsəniz, bəxtinizdən küsün!”
Atanı elə bil ildırım vurdu. Bütün ev-eşik, həyət-baca başına fırlandı.
Həmin məktubdan sonra gecəni gündüzə qatıb yır-yığış elədilər.
Verilən vədə səhəri gün tamam olurdu. Onlar bu axşam qaranlıq düşən kimi dağla, daşla aşağı qaçmalı idilər, hər üçü paltarlarını üst-üstə geyinmişdilər. Ata-ana hərəsi iki çanta, iki bağlama düzəltmişdi. Toyuqlarını hindən, itlərini zəncirdən açıb buraxmaq qalırdı.
Ata elə bil öz əli ilə əkib-yetişdirdiyi ağaclarla vidalaşırdı. Ana gözüyaşlı halda astadan bayatı deyib xanimani ilə vidalaşırdı. Zərif isə gözə dəymirdi.
Qəfildən onların evlərinin üstündən güllələr açılmağa başladı.
Ata da, ana da özlərini itirdilər. Atəş çoxaldı, güllə yağış kimi yağmağa başladı. Ata-ana dünəndən hazırladıqları çantalarını götürməyə, itlərini zəncirdən, toyuqlarını hindən belə açıb buraxmağa macal tapmadılar. Təlaş içində Zərifi axtardılar. Qız elə bil yoxa çıxmışdı. Atılan atəşlər isə onlara aman vermirdi.
Səs tonunun qalxması, enməsi, fasilə, məntiqi vurğu işarələrindən istifadə etməklə parça üzərində iş aparın.