Zərif əlini uzadıb kol dibindən bir bənövşə üzdü. O ovcundan bu ovcuna qoyaraq bu zərif çiçəyə doyunca tamaşa elədi. Sonra da dəstə bağlamaq üçün onları dərməyə başladı. Nə az, nə çox, iki dəstə bağladı.
— Biri atamın, biri də anamın, — dedi.
Zərif geri dönəndə elə bil Süsənlə Roza pusquda dayanmışdılar. Doqqazlarında kəsdilər qızın qabağını. Bənövşə dəstələrinin ikisini də onun əlindən alıb, özünü də döydülər.
Zərif ağlaya-ağlaya evə döndü. Həmin gündən Zərifin qara günləri başladı. Qorxusundan gülünün alınması, döyülməsini ata-anasına demədi. O bilirdi ki, bu kənddə ermənilər onlardan çoxdur. O bilirdi ki, qohum-əqrəbaları bu doğma kəndi çoxdan tərk etmişdilər. O bilirdi ki, bu hədə-qorxulara dözməyib bir gün onlar da bu doğma od-ocaqlarını tərk etməli olacaqlar.
Zərif indi nə gecə ifritə sifətində onu boğan Siranuş xaladan, nə qılıncından qan daman Suren dayıdan inciyirdi. Heç Rozadan da bir o qədər incimirdi. Ona dərd olan Süsənin dönüklüyü idi. Axı Süsən hər yaz gələndə özü onu səsləyib dərəyə bənövşə yığmağa gedərdi. Axı Süsən dərdiyi bənövşələrdən bağladığı dəstənin birincisini Zərifə verərdi. Axı onlar ikisi də bu payız birlikdə məktəbə gedəcəkdilər. Axı anası Zərifə tikdiyi güllü ipək dondan birini də Süsənə tikmişdi. Axı onlar təzə tövlə tikəndə iməcilikdə ən çox can yandıran Suren dayı olmuşdu. Zərif bu sualların burulğanında boğulub qalır, bir yana çıxa bilmirdi. Bu dəhşətli sualların burulğanlarında batıb boğulan təkcə Zərif deyildi, həm də onun ata-anası idi. Zərif neçə gün idi, təkliyə dözürdü. Ancaq bu səhər səbri lap tükəndi. Ayaqlarını sürüyə-sürüyə Süsəngilə getdi.
Süsən həyətdə tək oynayırdı. Birayaq-birayaq gedib ona yanaşdı. Özünü toplayıb:
- Ay axçı, mən sənə nə pislik eləmişəm? — dedi.
Süsən üzünü yana çevirdi, Zərif ondan əl çəkmədi. Sualını bir də təkrar etdi. Nəhayət, Süsən dilləndi:
— Sən türksən, — dedi, — siz bizim düşmənimizsiniz. Anam deyir ki, səninlə oynamayım.
Bu parçada hansı təsvir vasitələri verilmişdir?