Qızların heç birindən səs çıxmadı. Üzlərini yana çevirib ağızlarını büzdülər. Zərif gözlərinə inanmadı. Gördüyü dəhşətli yuxunu xatırladı. Ona elə gəldi ki, bu saat qızların anası çıxıb öz əcinnə barmaqları ilə onu boğacaq, ondan tamamilə üz döndərən Süsən və Roza başına daş yağdıracaqlar. Qız qorxub geri, döndü. Bağ-bağçanı gəzib Lan xoruzu və Papaqlı fərəni axtardı, axtardı, tapa bilmədi. Son zamanlar toyuqların itməsi birinci dəfə deyildi...
Zərif nə toyuqların itməsinə, nə parçın suyunun kimsə tərəfindən dağıdılmasına, nə gül kollarının sındırılmasına, nə onunla həmişə bir yerdə oynayan qonşu qızların onun çağırışına səs verməmələrinə, nə də gördüyü o qorxunc yuxulara inana bilirdi.
Gün batdı, ata-anası işdən qayıtdı. Qız toyuqların itməsini atasına, gördüyü qorxunc yuxusunu isə anasına söylədi. Ona elə gəldi ki, toyuqların itməsinə atası ondan çox məyus oldu. Ona elə gəldi ki, söylədiyi bu qorxunc yuxudan anası ondan da çox qorxdu. Ancaq nədənsə, heç biri dinib-danışmadı.
Balaca Zərif buna çox təəccüb edirdi.
Son günlər nə Siranuş xala onlara gəlirdi, nə də anası onlara gedirdi. Hətta bir dəfə gözü ilə gördü ki, Surenlə üz-üzə gələn atası salamlaşmadı, ondan yan ötüb keçdi.
Qız yenə səhəri gün öz adəti üzrə yuxudan durdu, əl-üzünü yudu, toyuqları səsləyib dən səpdi. Sonra darıxıb küçəyə çıxdı. Bir də gördü ki, Süsəngilin həyətindədir. Aralarında heç nə olmayıbmış kimi üzünü ona tutaraq:
— Süsən, gedək dərəyə bənövşə yığmağa, — dedi.
— Süsən, ay Süsən.
Süsəndən səs çıxmadı. O, Zərifə dilini çıxardaraq qaçıb bacısı Rozanın yanına getdi. Zərif kor-peşman onların həyətindən çıxdı. Yazıq qız bilmirdi, kimlə oynasın, hara getsin. Üzüaşağı yollandı, gəlib dərəyə yetişdi. Kol dibində yenicə açılıb-boylanan bənövşələri görüb sevindi. Bənövşələr boynunu bükərək elə bil bu kiçik qızın yolunu gözləyirdi.