Zərif bugecəki kimi qorxunc yuxu görməmişdi. Həmişə üzünə gülümsəyən, onu xoş sözlərlə dindirən Siranuş xala yuxuda əcinnə sifətində onu boğurdu. Suren dayının əlində tutduğu iti qılıncdan damla-damla qan süzülürdü. Bu qan onun üst-başına və ən çox da gözlərinə çilənmişdi. Əlində qan süzülən qılınc olan Suren dayının gözləri qan süzülən qılıncdan çox-çox qorxunc görünürdü. Onların qızları olan Süsən və Rozanın əlləri, ətəkləri daşla dolu idi. Hamısını da Siranuş xalanın əlində boğulan Zərifin başına yağdırmağa hazır idilər. Bütün bu dəhşətlərin hamısına dözmək olardı, təkcə Zərifin səsi çıxıb, “Ana!” — deyə çağıra bilsəydi. Yaxşı ki, qızcığaz yuxudan tez ayıldı. Yoxsa ürəyi partlayacaqdı. Gözünü açanda özünü qan-tər içində gördü. Bu əzab və işgəncənin yuxu olduğuna sevindi, heç kimi səsləmədi. Bilirdi ki, səhərlər ata-anası onu yuxuda qoyub işə gedirlər. Yatağından qalxmaq istədi, ancaq qalxa bilmədi. Elə bil üstünə daş qalamışdılar. Acı-ağrıdan əl-qolunu tərpədə bilmirdi. Handan- hana özünü ələ alıb yatağından qalxdı.
Günəş çoxdan çıxmışdı. Havada yazın nəfəsi duyulurdu. Eşikdə sərçələrin civiltisindən qulaq tutulurdu. Eşiyə çıxdı ki, əl-üzünü yuyub, toyuqlarına dən səpsin. Əlini eyvanın qırağındakı lüləkli parça aparanda gördü ki, bomboşdur. Axı anası səhərlər onu doldurub qoyur ki, qızı əl-üzünü yusun. Gördü ki, yer yaşdır, kimsə onun suyunu yerə boşaldıb. Parçı doldurmaq üçün həyətə düşəndə gördü ki, atasının dünən əkdiyi qızılgül kollarını kimsə sındırıb, əzib. Əl-üzünü yuyub, anbardan bir sini dən götürüb toyuqları düdülədi. Toyuqlar gəldi. Ancaq Lari xoruzla Papaqlı fərə gözünə dəymədi. Axtardı, axtardı, tapa bilmədi.
Çay-çörəyini yeyib küçəyə çıxdı. Süsəngilin doqqazına yanaşdı. Süsənlə Roza, iki bacı həyətdə oynayırdılar.
— Süsən, ay Süsən! Süsən, ay Süsən!
Zərifin beş addımlığında olan nə Süsən, nə də Roza ona hay verdilər. Zərif həyətə keçdi, onlara yanaşdı.
— Bizim Ları xoruzla Papaqlı fərə sizin həyətə gəlməyib?