Siz artıq bir çox təsviri və nəqletmə xarakterli bədii nümunələri oxumuş, onları səciyyəvi cəhətləri, quruluşu, dil xüsusiyyətləri baxımından araşdırmısınız. Təsviri xarakterli əsərlərin ideyasını müəyyən etmiş, fikrin obrazlı ifadəsi üçün istifadə edilən müxtəlif növ təsvir və ifadə vasitələrinin əhəmiyyətini aydınlaşdırmış, bu növ bədii nümunələrin quruluşunu öyrənmisiniz. Siz həmçinin nəqletmə xarakterli bədii əsərləri də oxuyarkən proqnozlaşma aparmağın yollarını bilirsiniz. Obrazların başlıca xüsusiyyətlərini müqayisələr aparmaqla təhlil etmiş, habelə ayrı-ayrı obrazları qarşılaşdırmaqla müxtəlif parametrlər üzrə onların oxşar və fərqli cəhətlərini müəyyən etmisiniz.
Elə düşünmək doğru olmazdı ki, bədii nümunələr yalnız nəqletmə, yaxud təsviri xarakterli olmalıdır. Hər iki növ mətnlərin xüsusiyyətlərini özündə daşıyan bədii nümunələr saysız- hesabsızdır. Bu fəsildə siz belə bədii nümunələrlə tanış olacaq, təsviri və nəqletmə xarakterli mətnlərin xüsusiyyətlərinin həmin əsərlərdə öz əksini necə tapdığını öyrənəcəksiniz.
ƏLİ SƏMƏDLİ. “QANLI BƏNÖVŞƏ”
(BƏDİİ ƏSƏRLƏRDƏ TƏSVİR VƏ NƏQLETMƏ)
Tapşırıq 1.
1. Əsərin oxusuna başlamazdan əvvəl oxuya hazırlıq işləri aparın. Düşündürücü suallara cavab verməklə əsəri oxuyun.
2. Düşünün: Bu bədii nümunə təsviredici, ya nəqletmə xarakterlidir?