Qoşun qara qarışqa kimi şəhərdən kənara üz qoydu. Hər iki tərəf üç gün vuruşdu, bir-birinə bata bilmədi.
İsgəndər vəziri çağırıb dedi:
— Vəzir, necə bilirsən, mən bu davada qoşun qırdırmaq istəmirəm, şəhəri qansız almaq istəyirəm.
Vəzir dedi:
— Məsləhət sizindi, şahım!
— Vəzir, get mənə min ədəd erkək keçi, səkkiz qatır yükü parça al gətir.
Vəzir getdi, axşama bir xeyli qalmış min keçi, səkkiz qatır yükü parça alıb gətirdi. İsgəndər qoşuna əmr verdi ki, ertədən hərə bir keçi götürüb parçadan onun buynuzuna bağlasın. Qoşun həmin saat şahın əmrini yerinə yetirdi. Elə ki hava qaraldı, İsgəndər əmr verdi ki, qoşun min keçinin buynuzlarına bağlanmış parçalara od vursun, keçiləri dörd bir tərəfdən düşmənə tərəf qovsun.
Tapşırıq həmin saat yerinə yetirildi. Çox çəkmədi ki, çölü alov bürüdü, keçilər hürküb şəhərə tərəf qaçmağa üz qoydular. Bəlqin qoşunu gecənin qaranlığında alovu görüb, elə bildi ki, İsgəndərin qoşunudu, öz səngərlərini qoyub qaçdılar.
İsgəndər Bəlqin bütün adamlarını qılıncdan keçirtdi, səhər tezdən taxta çıxıb, işləri öz yoluna salmağa başladı. Camaat rahat oldu. Bir neçə gün burada qaldı, öz sərkərdələrindən birini şəhər başçısı qoyub, ona xeyli qoşun verdi. Atlarını minib şəhərdən çıxanda İsgəndər öz vəzirinə dedi:
— Dünyada hər dili bilmək min padşahlığa dəyər.