Nağıllarda vaxt tez başa gəldiyi kimi, mənzil də tez başa gəlir. Belə deyirlər ki, isgəndər şəhərin altı ağaclığında olan bir dəyirmana gəlib çıxdı. Qoca dəyirmançı şeypur səsini, at tappıltısını eşidən kimi dəyirmanın unluğuna girdi, isgəndər adam göndərdi ki, gedib görsünlər, dəyirmanda kim var. Axtarıb qocanı dəyirmanın unluğundan çıxartdılar, onu İsgəndərin yanına gətirdilər. İsgəndər qocadan xəbər aldı:
— Bəlq necə adamdı?
Qoca dedi:
— Yaxşı adamdı.
İsgəndər soruşdu:
— Qoca, dünya-aləm ondan şikayət eliyir, sən deyirsən ki, Bəlq yaxşı adamdı?
Nə qədər İsgəndər qocanı sıxışdırdı, qoca yenə də dedi: “Yaxşı adamdı”.
İsgəndər dedi:
— Qoca, mənə ölkələri gəzən, bütün dünyadan xərac alan İsgəndər deyərlər!..
Qoca bayaqdan qorxurdu, elə ki İsgəndər adını eşitdi, onun ayağına yıxılıb dedi:
— Mən səni Bəlq pəhləvan bilib qorxurdum. İndi bil, agah ol, Bəlq o qalada olur, özü də üç padşahdan xərac alır.
İsgəndər kağız yazıb elçi göndərdi. Elçi gəlib elçi daşının üstündə oturdu. Bəlqə xəbər çatdı ki, elçi gəlibdi. Bəlq əmr verdi ki, gələn elçini onun yanına buraxsınlar. Elçi Bəlqin yanına gəlib baş əydi, İsgəndərin məktubunu ona verib dedi:
— Böyük İsgəndər sizdən yeddi ilin xəracını istəyir, əgər verməsəniz, dava eliyəcək.
Bəlq İsgəndər adını eşitmişdi, amma üzünü, qüvvətini görməmişdi. Ona görə də elçiyə belə cavab verdi:
— Get, İsgəndərə de ki, mən xərac verən yox, alanam, necə gəlib, elə də çıxıb getsin.
Elçi geri döndü, İsgəndərin acığı tutmasın deyə qorxa-qorxa Bəlqin dediyini ona nağıl elədi. İsgəndər qəzəbləndi, qoşuna əmr verdi ki, hücuma keçsinlər.
Bəlq şəhərin qapılarını bağlatdırmışdı. Gördü ki, bunun qabağına qoşun göndərməsə, İsgəndər deyəcək ki, Bəlq qorxdu.