Vəzir sevindi, and içdi, üzünü torpağa sürtdü.
Qız dedi:
— İndi sənə inandım. Ey İsgəndərin ağıllı vəziri, buradan gün çıxana tərəf gedərsən, düz üç gün, üç gecəlik yoldur. Orada qabağına bir koma çıxacaq. O komada bir qoca kişi olur. O bütün heyvanların dilini bilir, sənə etsə-etsə, o kömək edər.
Vəzir çox sevindi, gecəni yatdı, səhər tezdən tacir ilə xudahafizləşib yola düşdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi, sonra gəlib həmin komaya çatdı, gördü ki, komanın qapısı açıqdır. İçəri girdi, gözünə evin yuxarı başında bir ağsaqqal qoca dəydi. Vəzir sevinib dedi:
— Mənimkini Allah yetirdi.
Qocaya salam verdi; qoca kişi vəzirin salamını aldı, ona yer göstərdi. Hər ikisi şirin söhbət elədi, sonra qoca kişi vəzirə dedi:
— Bilirəm, İsgəndər səni nə üçün göndərib.
Vəzir qocadakı ağıla heyran olub dedi:
— Ey dünyagörmüş qoca, dünyanı qarış-qarış gəzən İsgəndərin yanına getməyə hazırlaş.
Qoca dedi:
— Mən hazıram.
Qoca hazırlaşdı, vəzir istədi ki, qocanı ata mindirə, qoca dedi:
— Vəzir, get, qorxma, sən oraya çatan gününün sabahı özümü oraya yetirərəm.
Qoca kişi vəziri yola saldı, yenə oturub öz işi ilə məşğul oldu.
Vəzir üçüncü gün vətəninə çatdı. Qoca da simurq quşunun qanadları arasına minib özünü vəzirə yetirdi.
Vəzir qocanı görən kimi sevindi, hər ikisi isgəndərin hüzuruna gəldilər.
İsgəndər taxtında oturmuşdu. Gördü ki, vəzir bir nəfər qoca ilə gəlir. İsgəndər gülərüzlə vəzirə dedi:
— Vəzir, necə gəldin?
Vəzir dedi:
— Yaxşı gəlmişəm, qibleyi-aləm.
İsgəndər üzünü qocaya tutub dedi:
— Qoca, mən istəyirəm, yer üzündə bütün heyvanatın dilini öyrənəm. Sən məni öyrətməyi bacararsanmı?
Qoca dedi: