Beş gün, on gün, hər gün səhər tezdən qarğalar gəlirdilər, İsgəndərin oturduğu yerdə çığır-bağır salıb gedirdilər. Bir neçə gün İsgəndər bu sirri gizli saxladı. Axırda təngə gəldi, vəzirini çağırıb dedi:
— Vəzir, neçə gündü ki, hər səhər tezdən qarğalar bulud kimi Günəşin üzünü tuturlar. Çığır-bağır salıb gedirlər. Mənə elə bir adam tapmalısan ki, bu quşların dilini bilsin. Get, sənə qırx gün vaxt verirəm.
Vəzir: “Baş üstə!” — deyib, öz otağına çəkildi. Gecə-gündüz bu xüsusda düşünməyə başladı. Axırda bir gün öz-özünə dedi: “Ölmək ölməkdi, xırıldamaq nə deməkdi? Padşah əmr edir, çıx şəhərləri gəz, ya elə bir adam taparsan, ya da elə dərələrdə ölüb gedərsən”.
Vəzir hazırlaşdı, arvad-uşağı ilə halallaşıb yola düşdü. Çox getdi, az dayandı, az getdi, çox dayandı, neçə-neçə şəhərlər gəzdi, heç bir şey tapmadı. Amma geri qayıtmaq da istəmirdi.
Axşam vaxtı idi, özünü verib bir tacirin dükanının qabağında dayandı. Tacir dükanı bağladı, evə gedəndə vəzir ona dedi:
— Allah qonağıyam, məni qonaq saxlarsanmı?
Tacir dedi:
— Allaha da qurban olum, qonağına da, buyur, gedək.
Tacir vəziri evinə apardı. Yeyib-içdilər.
Onlar söhbət etməkdə olsunlar, sənə deyim tacirin qızından.
Bu tacirin ağıllı və keçmişdən, gələcəkdən xəbər verən bir qızı vardı. Tacir bu qızını iki gözündən artıq istəyirdi. Onun üçün xüsusi ev ayırmışdı, qulluğunda neçə-neçə qaravaşlar dayanmışdı. Tacirin evinə hər nə cür qonaq gəlsəydi, gərək bu qız da ismət pərdəsinin dalında oturub danışığına qulaq asaydı.
Vəzir də özünü “dərviş”əm deyə tanıtdırmışdı. Qız vəziri görən kimi tanıdı, bildi ki, İsgəndər bunu diri-diri ölümə göndərib. Vəzirə yazığı gəldi, atasını çağırıb dedi:
— Ata, bu qonaq dərviş deyil. Bu, böyük İsgəndərin ağıllı vəziridi. İsgəndər onu quş dili bilən adam üçün göndərib. İzin ver, mən onunla danışacağam.
Tacir razı oldu, qız pərdənin dalından dedi:
— Ey qonaq, sənin kim olduğun mənə lazım deyil, ancaq nə üçün gəzdiyini bilirəm. Əgər mənim adımı İsgəndərə versən, səni külə döndərib, külünü isə dəryaya səpəcəyəm. Əgər bu sirri gizlin saxlasan, sənin axtardığın adamı tapıb sənə verəcəyəm.