Qız məktəbinin tikintisi o zamanın qızıl pulu ilə 184 min manata başa gəldi. Sonra Hacı İstanbuldan, Məkkədən və Mədinədən, başqa dini mərkəzlərdən Bakıya adamlar dəvət etdi. Gələnlər gəldi, gəlməyən din xadimləri yazılı iltimas göndərdilər ki, müsəlman qızları da oğlanlar kimi məktəbdə oxuya bilərlər. Bundan sonra düşmənlərin səsi batdı, qoçuların xəncəri qınına, tapançası qoburuna girdi, hərə öz evinə çəkildi və Hacının ən böyük arzularından biri olan qız məktəbi açıldı.
Hənifə xanım Məlikova məktəbin müdiri təyin olundu. Hənifə xanım böyük alim və yazıçı Həsən bəy Zərdabinin həyat yoldaşı idi. Məktəbdə əvvəllər 58 nəfər qız oxuyurdu. Onlar burada pulsuz yeyib, geyinirdilər. Məktəbin bütün xərcini Hacı çəkirdi. Sonra xərci bir az da artırdı, məktəbi seminariyaya çevirdi. Dünyanın hər tərəfindən Bakıya gələn qonaqlar hökmən qız məktəbində olur, Hacının xalq maarifinə bu qədər can yandırmağına heyrət edirdilər. Bir dəfə İran şahı öz arvadı ilə bu məktəbə qonaq gəlir. Şah arvadı məktəbin şagirdlərinin hərəsinə qızıl boyunbağıya keçirilmiş bir onluq qızıl bağışlayır.
Qızlar burada Tağıyevin atalıq qayğısı altında oxuyub təhsillərini başa vururlar. Əgər vaxtilə həmin qız məktəbi açılmasaydı, indi Azərbaycanda bu qədər savadlı qadınlar olmazdı.
Zahid Xəlil
Tapşırıq 2.
Araşdırdığınız əsərləri elementləri baxımından müqayisə edin. Onlar arasında oxşar və fərqli cəhətləri müəyyənləşdirin.