Bir özünüz düşünün, bütün bunları Bakı milyonçusu kimin üçün edirdi? Xalqın uşaqları üçün. O deyirdi ki, qoy Azərbaycan qızları elm oxusunlar ki, sabah həm başqalarını öyrətsinlər, həm də evdə öz balalarını tərbiyə edə bilsinlər.
Amma Nikolayın razılığından sonra məlum oldu ki, belə bir məktəbi açmaq elə sən deyən asan iş deyilmiş. Bakının köhnə dindarları, qoçular, Hacı Zeynalabdinin ayağını qazanlar küçələrə çıxıb “Vaveyla, abır-həyamız, dinimiz əldən getdi”, — deyə qışqırır, camaatı qəzəbləndirməyə çalışırdılar. Adətən, dünyanı dərk edə bilməyən adamlar belə anda çox qəzəblənir, güclü bir qüvvəyə çevrilə bilir. Hacı vəziyyətin belə şəkil alacağını gözləmirdi. Fikirləşirdi ki, yəqin, xalq bu işə sevinər, amma tərsinə oldu. Qız məktəbinin taleyi tükdən asılı idi. Hacı ruhdan düşsəydi, hər şey batmışdı. Amma Hacı da dediyindən dönən adam deyildi. Üstəlik orasını da yaxşı bilirdi ki, məktəbi olmayan bir xalqın gələcəyi yoxdur. Xalqın gələcəyi naminə bu məktəb tikilməlidir. Onun nə qədər xərc aparacağını isə Hacı Zeynalabdin qətiyyən hesablamırdı. Onun bircə şüarı var idi: “Mənim yerin altından çıxan pulum yerin üstünü bəzəməlidir”.