Bu xalq hikmətinin mənasını hər milyonçu başa düşməz. Zeynalabdin deyirdi ki, yəni bu evi özüm üçün tikmirəm ha. Mən dünyadan köçəndən sonra xalqıma lazım olacaq. O, haqlı imiş, indi bu evdə Azərbaycan tarixi muzeyi yerləşir. Dünyanın hər tərəfindən gələn qonaqlar içəri girən kimi əvvəlcə heyrətlə bu gözəl binanın quruluşuna baxır, sonra ayaqlarına xüsusi ev ayaqqabıları geyinirlər ki, onun gözəl döşəməsini xarab etməsinlər.
İndi isə sənə qız məktəbinin tarixini danışım. Bu bina 1898-ci ildə tikilməyə başladı. 1900-cü ilə hazır oldu. Amma bu vaxtacan Zeynalabdin Həcc ziyarətinə getmişdi. Bakının 150 kilometrliyindən Şollar su kəmərini çəkdirmişdi. Çox-çox işlər görmüşdü və üç dəfə qız məktəbi açmaq barədə yuxarılara müraciət etmişdi. Amma imperator III Aleksandr bu işə razılıq verməmişdi. Elə ki III Aleksandr ömrünü sizə bağışladı və II Nikolay taxta çıxdı, Hacı Zeynalabdin Tağıyev fürsəti itirmədən Nikolayın arvadı Aleksandra Fyodrovnaya bahalı bir hədiyyə göndərdi, bunun üstündən az bir vaxt keçəndən sonra Nikolaydan xahiş etdi ki, Bakıda qız məktəbi açmasına icazə versin. Onu da bildirdi ki, həmin məktəbə Aleksandra Fyodrovnanın adı veriləcək.