Zeynalabdin gözlərini tutmuş mazutdan güclə təmizləyib baxanda nəhəng bir qara çayın ona tərəf necə axdığını gördü. Bəli, onun quyusu fontan vurmuşdu.
Belə anlarda adam bilmir, sevincdən ağlasın, yoxsa gülsün. Zeynalabdin key-key onu qucaqlayan çaya baxdı və neft onun dizinə çatanda başa düşdü ki, çayın içində boğulub ölə bilər. Yalnız bundan sonra oradan qaçıb özünü vaxtsız ölümün əlindən qurtardı...
Bəli, 1873-cü ilin isti avqust ayında başmaqçı oğlu Zeynalabdinin quyusu fontan vurdu və cəmi bir-iki ildən sonra Zeynalabdinin adının qabağına milyonçu sözünü də artırdılar. Oldu milyonçu Zeynalabdin.
Neft quyunun dibindən fontan vurandan sonra elə bil pul da fontan vurdu. Neft alanların arabaları gəldi. Pul sel kimi onun cibinə dolmağa başladı. Zeynalabdin bu qədər pulu ömründə görməmişdi. Fikirləşdi ki, axı bu qədər
pulu evdə saxlayıb çürütməyin nə
mənası var. İlk dəfə bax bu evi tikdirdi.
Evin girəcəyinə bir fikir verin! O zaman Bakıda tikilən evlərin heç biri buna bənzəməz. Tezliklə köhnə milyonerlər əl-ayağa düşdülər.
— Oğul, bu boyda evi tikməkdə məqsədin nədir?
— Evdi də, tikdirirəm! — deyə Zeynalabdin sakitcə dilləndi.
— Yox da, evin də bir ölçü-biçisi olar. Bir balaca ailən üçün bu boyda ev tikdirməyin, mən bilən, mənası yoxdur.
Hə, orasını unutdum deyim ki, Zeynalabdin Azərbaycan xalq ədəbiyyatının bilicisi idi. Hələ usta yanında şagird işləyəndə onu bütün çətinliklərdən xalq ədəbiyyatı qoruyub çıxarmışdı. Ən çətin vaxtlarında Zeynalabdin dözüm haqqında, xalqın igidliyi barədə ürəyində bayatı deyər, sonra daha da əzmlə işləyərdi. İndi də dilinə belə bir bayatı gəldi:
Bu qala, bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.