Buna görə də hələ 12 yaşı olanda tikintidə fəhlə işləməyə başladı. Palçıqla dolu ağır çanağı başında güclə aparırdı. Bir dəfə çanaq həddindən artıq ağır olduğu üçün Zeynalabdinin ayaqları titrədi. Az qaldı ki, çanaqqarışıq yerə sərilsin. Dişlərini və dodaqlarını bir-birinə sıxıb bütün gücünü topladı və palçığı ustanın yanına apardı. Yaxşı ki, divar hələ alçaq idi. Bu ağırlıqda palçığı pilləkənlə çıxarmaq qətiyyən mümkün olmazdı. Düz 18 yaşına kimi o, beləcə işlədi. Qəpik-qəpik yığdı. Bir azdan bənna oldu, hətta podratçı-memar keçdi. Xeyli pul əldə edəndən sonra Bibiheybətdə yer aldı. Məqsədi də bu idi ki, bəlkə, quyu fontan vura, Zeynalabdin kasıbçılığın daşını bir yolluq ata. Amma indi borcu xirtdəyinə çıxmışdı. Daha heç kəs ona nisyə işləmək istəmirdi. Hamı çıxıb getmişdi. Bu boyda mavi göyün altında və qapqara torpağın üstündə bığ yeri təzəcə tərləyən Zeynalabdin tək qalmışdı.
— Eybi yoxdu, göydə Allah da təkdi, — deyə özünə ürək-dirək verirdi.
Zeynalabdin külüng və belini götürüb yenə quyuya düşdü. Günəş isə torpağı mümkün qədər çox qızdırırdı ki, bəlkə, bu cavan dediyindən dönsün.
Lap nağıllarda olduğu kimi, günlərin birində Zeynalabdin quyunun dibində qeyri-adi bir səs eşitdi. Elə bil aşağıda, torpağın altında qatarlar gedirdi. Bu gurultu getdikcə şiddətlənirdi.
Zeynalabdin başa düşdü ki, quyu tezliklə fontan vura bilər.
Birtəhər quyudan çıxıb oradan uzaqlaşdı. Günəş batmaq üzrə idi. Son şüalar Zeynalabdinin həyəcandan rəngini dəyişmiş sifətində bərq vururdu. O isə gözlərini quyudan çəkmirdi. İndi bayaqkı səs daha da bərkimişdi. Elə bil nəhəng bir qatar vağzala yaxınlaşırdı. Bir azdan lap qatarın fitinə oxşayan səs eşidildi və qeyri-adi bir hadisə oldu. Zeynalabdin ömründə fontan vuran quyu görməmişdi. Görmüşdü, amma o quyuları fontandan sonra görmüşdü. Nəhəng qara çayın ətrafı basdığını, yolu- izi necə qaraltdığını görmüşdü. Amma indi başqa bir mənzərə gördü. Əvvəlcə qapqara bir fontan göyün üzünə qədər qalxdı, sonra Zeynalabdini təpədən-dırnağa qədər neftə qərq etdi. Daha sonra anlaşılmaz bir qarışıqlıq yarandı.