(İxtisarla)
Elə bil ki nəhəng bir təndiri başı üstünə çevirmişdilər. Göydən günün şüaları əvəzinə nəhəng alov dilləri uzanırdı.
Zeynalabdinə elə gəlirdi ki, bu saat Bibiheybət mədənləri od tutub yanacaq və onu söndürmək üçün Xəzərin suyunu əndərsən də, xeyri olmayacaq. Hər tərəfdə torpaq qapqara idi. Elə bil gecənin bir parçası Abşerona çökmüş, onu əbədi zülmətə çevirmək istəmişdi. Uzaqlarda görünən kiçik daxmalardan çıxıb harasa tələsən adamlar da qapqara idi və onları beləcə qaraldan neftdən ümid gözləyirdilər.
Adamlar hər gün təzə bir xəbər sorağı ilə yuxudan ayılırdı. Elə bil Zeynalabdinin özü də hər gün Bibiheybətdə şərikli aldığı bu torpaqdan neft çıxacağı ümidi ilə yaşayırdı. Səhərdən axşamacan quyunun içində əlləşir, amma bir şey çıxmırdı. Dünən şəriki çıxıb getdi.
— Bu yerdən heç su da çıxmaz. Havayı özümüzü əziyyətə salmışıq.
Zeynalabdin borc pul tapıb şərikinin haqqını verdi, onu yola saldı. İndi torpağa verdiyi pullar da, quyu qazmağa çəkdiyi xərc də, özünün əziyyəti də havayı gedirdi. Qulağını quyuya dirədi ki, görsün oradan bir hənirti gəlirmi. Amma oradan səs-zad gəlmirdi.
Zeynalabdin qara bir daşın üstündə oturub ötən günlərini yada saldı. Atası Tağı kişi hələ on il əvvəl ona öz yanında işləməyi təklif etmişdi:
— Gəl yanımda pinəçilik elə. Sağ olsun camaatı, bizi birtəhər dolandırar.
— Yox ata, mən bənna olmaq istəyirəm. Əlim-ayağım sağ, qolumda da gücüm. Nə üçün pinəçi olmalıyam?
Atası Zeynalabdinin tərsliyini bilirdi. Dediyindən dönməyəcəkdi. Buna görə də dillənmədi.
Anası Anaxanım öləndən sonra atası evlənmişdi və təzə arvadından beş uşağı olmuşdu. Kişinin vəziyyətinin ağırlığını Zeynalabdin başa düşürdü.