Bir il də üçüncü sinifdə qalandan sonra Tofiq bacılarını məzəmmət edib məktəbi atdı.
Anası, bacıları təkrar Tofiqi məktəbə cəlb etməyə çalışsalar da, fayda vermədi. Uşaq oyundan əl çəkmədi. Axırda Tofiq birtəhər montyorluq öyrəndi. O, evlərdə pozulan işıq xətlərini düzəldir, xırda qazancı ilə restoranlarda yeyib-içir, gününü keçirirdi. Bacıları bundan pərişan olsalar da, analarına bildirmək istəmir, qardaşlarının cibinə pul qoyurdular. Tofiq lap sonradan anlamışdı ki, bacılarının istəyi, qayğısı onu əməkdən, peşədən, sənətdən məhrum eləmişdir.
Atalar yaxşı deyib: “Məhəbbətdən mərəz hasil olur”. “Oha” var dağa qaldırar, “oha” var dağdan endirər!” Axırda bacılar bir yerə yığışıb iyirmi səkkiz yaşlı qardaşlarına bir sənət seçmək istədilər:
— Ay canım, bu gədə avara qalacaq, məktəbdən, peşədən kənarda adam olarmı? Nə zəmanədir, indi dünənki hambal isbatlı peşə, sənət sahibi olur, bu bığıburma oğlana nə olub ki, avara gəzə, görən bizə nə deyər, eyib deyilmi!
Tofiq indi montyorluq kursuna daxil olub biliyini artırmağa cəhd edir.
Gec olsa da, yaxşıdır. Uğur olsun!
Mir Cəlal
Mir Cəlal Paşayev
Mir Cəlal müəllim xeyirxah işlər görməkdən xüsusi zövq alırdı. O deyərdi ki, insan gərək bu dünyada yalnız özü üçün yaşamasın, başqalarına da yaşamağa kömək etsin. İnsanlara təmənnasız yaxşılıqlar etməklə, ətrafdakılara xoşbəxtlik arzulamaqla özün də xoşbəxt olarsan. Bu yüksək mənəvi dəyərlərin müqəddəs Məhəmməd Peyğəmbərimizin tövsiyəsi olduğunu xatırladırdı: “Mən ömrüm boyu insanlara əlimdən gələn yaxşılıqları etmişəm. Bir çox vəzifəli şəxslərlə münasibətlərimin yaxşı olmasından istifadə edərək neçə-neçə kasıb, lakin istedadlı şair və yazıçı ailələrinin mənzil almasına kömək etmişəm. İşə düzələ bilməyənlərin işə düzəlməsinə kömək etmişəm. İstedadlı gənc şairlərin şeir kitablarının nəşr olunmasına da yardım etmişəm. Hər dəfə mənə minnətdarlıq edərkən deyirəm ki, həyatda sən də çalış başqa imkansız insanlara arxa ol. Ehtiyacı olanlara kömək et. Onda həyat daha da mənalı, xoşbəxt və gözəl olar!”
Vaqif Əsədovdan