Dərs hazırlamağa gələndə də Tofiq özünü xoşbəxt gördü: hesabını bir bacı, yazısını başqası, coğrafiyasını o birisi hazırlayıb dərsə yola salırdı. Uşaq elə öyrəndi ki, müəllimin dediyi tapşırıqları bacılarına təhvil verib, səhər də hamısını hazır istəyirdi. Bəzən də hökmünü dürüst yerinə yetirməyəndə hirslənir, qışqırırdı:
— Ay qız, Lalə, götür mənim dərslərimi yaz!
— Bənövşə, sən də məsələləri hazırla!
— Yasəmən də elə misalı toplasın, niyə durmusunuz, tez olun!
Tofiqin anası hər kəsdən əvvəl qızları danlayırdı:
— Ay yaramazlar, aman-zaman bir qardaşdır, onun ürəyini niyə qırırsınız, götürüb dərsləri hazırlasanız! Di tez olun, gedin qardaşınızın dərslərini hazırlayın!
Qızlar, doğrudur, bilirdilər ki, bu dərslər Tofiqə verilib, ondan soruşulacaq, onun özü hazırlamalıdır. Ancaq qardaşlarının xətrinə, analarının xahişinə bu işlərə boyun əyirdilər. Aşağı siniflərdə Tofiqin dərslərdən kütlüyünü, tənbəlliyini biləndən sonra anasına xəbər verdilər, məsuliyyəti boyunlarından atdılar.