Mən bir uşaq tanıyıram, hörmətli bir ailədəndir. Atası, anası onu çox sevir, əzizləyir, bir sözünü iki eləmir. İstədiyini alır, istədiyi yerə göndərir, handa bir qəşəng, bahalı libas geyindirir, addımbaşı sağına-soluna keçir, kefini soruşurlar:
— Necəsən, bala, indi ürəyin nə istəyir?
Əslinə baxsan, haqqı demək lazımdır, işlərin çoxunu ata-anadan qabaq bacılar eləyir.
Bacı insan üçün böyük nemətdir, illah da ki bir qardaş olasan!
Bir dəstə bacı, tək bir qardaş. Tofiqin işi lap belə idi. Əvvəldən ailədə oğlan uşağı olmamışdı. Dalbadal bacılar doğulub böyümüşdü: Lalə, Bənövşə, Yasəmən, Zanbaq, Xətmi!
Axırda dəstə bacılar içində Tofiq boy atanda hər kəs onun başına sadağa deyir, hər gün bir bacının qucağından yerə düşmürdü. Atakişinin ailəsində Tofiqə, doğrudan da, bir əlamət, bir xoşbəxtlik kimi baxırdılar.
Qızların hərəsi bir məktəbə, sənətə, bir peşəyə getmiş, iş sahibi olmaq qəsdi ilə çalışdıqları halda, anası Tofiqi yanından kənara buraxmır, “bayıra çıxma, soyuq dəyər”, “tərpəşmə, quyuya düşərsən”, “orada oturma, buraya keç...” deyirdi.
Məktəb vaxtı gələndə hamı Tofiqi qayğı ilə əhatə edirdi. Qızlar yer-yerdən səs-səsə verib qardaşları haqqında düşünürdülər. Biri yaraşıqlı portfel alır, biri məktəb forması, üçüncüsü saat, dördüncüsü qələm, beşincisi boğazlı çəkmə.
Birinci gün məktəbə yola salanda da bacılar bir-birinə macal vermirdilər. Müəllimlə xüsusi danışırdılar:
— Müəllimə, bu bizdə tək uşaqdır, ana uşağıdır. Bunu pəncərə qabağında, dal cərgədə, ayaq altında oturtmayın! Yoxsa xətrinə dəyər, anası bizi evə qoymaz!
Qızların qayğısından, hay-küyündən Tofiq özü də şübhəyə düşürdü. Aşkar görürdü ki, beş bacının bir qardaşı zarafat deyil, hər kəsə səadət qismət olmaz. Bacılar Tofiqin qulluğunda dayanmaqda bir-birinə macal vermirdilər: biri paltarını ütüləyir, biri kotlet qızardır, biri ayaqqabılarını gətirirdi...