Xan ustaya istehza ilə gülür:
— Yaradan əlləri kəsdirmişəm, onlar bir də qurub-yaratmayacaq.
Qoca usta əllərinin ağrısını unudur, xandan betər istehza ilə gülür:
— Sənə elə gəlir ki, mənim əllərimi kəsmisən. Amma buna sənin gücün çatmaz. İndi mənim əllərim şəyirdlərimdədir. Məndən sonra onlar qurub-yaradacaqlar.
— Gərək əvvəlcə dilini kəsəydim, sonra əllərini. Gec də olsa, səhvimi düzəldərəm.
Xan böyük, tarixi abidələr yaradan bir sənətkarı öldürtdürür.
2. Süjetin beş hissəsinin xüsusiyyətlərini nəzərə almaqla əsərdəki hadisələri süjet xətti üzrə yerləşdirin. Nəqli mətnin süjetini tərtib edin. Nəticəni yoldaşlarınızla müzakirə edin. (Əlavə №4, səh. 230)
Bunu bilməlisiniz!
Əfsanə — müasir ağlın, düşüncənin uydurma, fantastika kimi qəbul etdiyi qeyri-adi hadisələrin təsvir edilməsidir. Əfsanələrdə insan quşa, heyvana, səma cisimlərinə çevrilir, dağlar, çaylar, çiçəklər dil açıb danışır.
Tapşırıq 2.
1. “Oxudan sonra” fəaliyyətini yerinə yetirin (cədvəl 3, səh. 17).
2. Əsəri fakt və sitatlarla zənginləşdirin:
a) hansı məqama əlavə etməyin mümkün olduğunu müəyyənləşdirin; b) əlavə edəcəyiniz söz və ifadəni bir tərəfi yapışqanlı kiçik qeyd vərəqinə yazın; c) vərəqi əsərdə münasib bildiyiniz yerə yapışdırın; e) əsərin janr xüsusiyyətlərini müəyyənləşdirərkən fikrinizi əsaslandırın.
Yaradıcı tətbiqetmə:
Əlavə oxu materiallarından öz marağınıza uyğun olan nəqletmə xarakterli bədii nümunələrdən birini seçin. Əsəri oxuyun. Yuxarıda təqdim edilən sxem üzrə əsərin süjetini müəyyənləşdirin. Sinifdə əldə etdiyiniz bilik və bacarıqları möhkəmləndirmək məqsədilə dərsdənkənar vaxtda müstəqil şəkildə öyrənməni davam etdirin.