Axırıncı dərsləri keçmədilər ki, uşaqlar qaranlığa düşməsin. Belə dərsin bircəsi də bəsdi.
Çən-çiskinli havada müəllimə öz sinfi ilə birgə çıxdı. Düşdülər, müəllimə onları böyük işlək yolun o tayına keçirdi, dönə-dönə tapşırdı.
Alatavada uşaqlar keçmiş daş karxanasının yerində törənmiş Qanlıgölün yaxınından keçən torpaq cığırla uzaqlaşdılar. Tez getdilər. Yüngülləşmişdilər. Həm ürəkləri boşalmış, həm də çantalarında gətirdikləri gilizləri, qəlpə qırıqlarını, daş mərmiləri buradaca töküb vermişdilər məktəbə. Direktorun göstərişi vardı: atışmadan nə düşüb, nə qalıbsa, gətirsinlər.
Bir neçə də maşın gəlmişdi məktəbin qapısına. “Moskviç”, “Jiquli”lərin qanadı əzilmiş, burnu ovulmuşdu. Salamat olanı da vardı, amma onların da elə içi düşmüşdü. Zədələnmiş qol-qanada, qapıya astar taxılmışdı. Gün ötəcək, quruyacaqdı. Üstdən öz rəngi çəkiləndə sezilməyəcəkdi.
Sabir Əhmədli
Tapşırıq 3. “Oxudan sonra” təlimatını yerinə yetirin (cədvəl 3, səh. 17). Yoldaşlarınızla müzakirə edin: müəllif öz oxucusuna nə demək istəyib? öyrəndiyiniz yeni sözlərdən nitqinizdə istifadə etməyi unutmayın.
Yaradıcı tətbiqetmə:
Əlavə oxu materiallarından marağınıza uyğun olan nəqletmə xarakterli bir bədii nümunə oxuyun. Hadisələrin ardıcıllığını müəyyən edin.
Əsərdə baş verən əhvalatlarda hər hansı dəyişiklik etməklə öz variantınızı yazın.
Sabir Əhmədli
Sabir Əhmədli Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindəndir. Yazıçı əsərlərində xalqın taleyində baş verən acılı-şirinli hadisələrin bədii təsvirini vermişdir. Onun əsərlərinin ana xəttini müasirlərinin arzu və düşüncələri, mübarizələri təşkil edir. Sabir Əhmədli televiziya müxbirinə 75 yaşdan sonrakı həyatının arzularını belə anlatmışdı: “Ürəyim düşmən tapdağında qalan Qarabağım, doğulduğum Cəbrayıl üçün nanə yarpağı kimi əsir. Ən böyük arzum doğma torpaqlarımızın azad olması, Cəbrayılda ömrümün sonunacan yaşayıb, onun torpağına qarışmaqdır...”